Türkiyədə müəmmalı hadisə: Sənədləri qaydasında olan yükün sürücüsü qaçaqmalçılıqda ittiham olunur

 Türkiyədə müəmmalı hadisə: Sənədləri qaydasında olan yükün sürücüsü qaçaqmalçılıqda ittiham olunur

 

 

Rusiyadan Türkiyədəki bir şirkət vasitəsilə ABŞ-a göndərilməsi nəzərdə tutulan yük ətrafında yaranmış hüquqi mübahisə ciddi suallar doğurur.

Hadisə ilə bağlı açıqlama verən “Özər” Nəqliyyat şirkətinin rəhbəri Abdullah Özər daşınan məhsulların adı və miqdarı fakturalarda, qablaşdırma siyahılarında və gömrük bəyannamələrində açıq şəkildə göstərilib. Buna baxmayaraq, bəzi məhsulların xammalında stimullaşdırıcı maddə olduğu iddiası ilə sürücüyə qadağan olunmuş maddələrin daşınması ilə bağlı ittiham irəli sürülüb.

Şirkət rəhbəri beynəlxalq yükdaşıma ilə məşğul olan sürücünün vəzifəsinin yükün sayını, çəkisini, paletlərin uyğunluğunu və sənədlərdə göstərilən məlumatların faktiki yüklə üst-üstə düşməsini yoxlamaq olduğunu deyir:

“Sürücüdən məhsulun kimyəvi tərkibini müəyyən etməyi, laboratoriya analizi aparmağı gözləmək absurddur. Onun nə kimyəvi analiz aparmaq üçün təhsili, nə müvafiq biliyi, nə də belə bir səlahiyyəti var. Bu iş istehsalçının və akkreditə olunmuş laboratoriyaların məsuliyyətidir. Sürücünü bilmədiyi, müəyyən etmək imkanına malik olmadığı kimyəvi tərkibə görə ittiham etmək hüquqi məsuliyyətin sərhədlərini aşmaq deməkdir”.

A.Özər yaranmış vəziyyətlə bağlı sürücünün mühakimə edildiyini, şirkətin isə məhkəməlik olduğunu deyir. 

“ Əgər yükün bütün sənədləri gömrük orqanlarına təqdim edilibsə, bəyannamədə göstərilibsə və gömrük prosedurlarından sonra ölkədən çıxışına icazə verilibsə, indi sürücü hansı əsasla günahkar hesab olunur? Gömrük nəzarətindən keçmiş yükə görə məsuliyyətin avtomatik şəkildə sürücünün üzərinə qoyulması nə dərəcədə əsaslıdır?” - deyə, o vurğulayıb.

Onun sözlərinə görə, hadisə ilə bağlı şəffaf və məntiqli araşdırma aparılması mütləqdir. 

 

 


04:13 - 27 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin