İslam 2035-ci ildə dünyanın ən böyük dini ola və əsrlərdən bəri ilk dəfə xristianlığı geridə qoya bilər.
Dünya əhalisinin dini mənsubiyyət üzrə bölgüsündə qarşıdakı onilliklərdə ciddi dəyişikliklərin baş verəcəyi gözlənilir. Demografik proqnozlara əsasən, İslam 2035-ci ilə qədər dünyanın ən böyük dini ola bilər. Həmin dövrdə müsəlmanların sayının xristianları təxminən 50 milyon nəfər üstələyəcəyi ehtimal olunur.
“Pew Research Center”in dinlər üzrə demografik araşdırmalarına əsaslanan məlumatlara görə, müsəlman əhalinin artım tempi dünya əhalisinin ümumi artım tempini üstələyir. Bu tendensiyanın əsas səbəbləri müsəlman ölkələrində əhalinin daha gənc olması və doğum göstəricilərinin nisbətən yüksək səviyyədə qalmasıdır.
Proqnozlara görə, 2020–2070-ci illər arasında dünya üzrə müsəlman əhalinin sayı 80 faizdən çox artaraq 3,6 milyardı keçəcək. Müsəlmanların dünya əhalisindəki payının isə 26 faizdən 36 faizə yüksələcəyi gözlənilir.
Asiya hazırda ən çox müsəlmanın yaşadığı region olaraq qalacaq. Bununla belə, Saharadan cənubda yerləşən Afrika ölkələrində daha sürətli əhali artımı müşahidə ediləcəyi, regionun dünya müsəlman əhalisindəki payının 18 faizdən 27 faizə yüksələcəyi proqnozlaşdırılır.
Pakistanın 2070-ci ilə qədər İndoneziyanı geridə qoyaraq dünyanın ən çox müsəlman əhalisi olan ölkəsinə çevriləcəyi ehtimal edilir. Pakistanın müsəlman əhalisinin təxminən 461 milyon, Hindistanın 334 milyon nəfərə çatacağı gözlənilir.
Avropada da müsəlman əhalinin sayında artım proqnozlaşdırılır. Hesablamalara görə, müsəlmanların qitə əhalisindəki payı 2020-ci ildəki 6 faizdən 2070-ci ildə 13 faizə yüksələ bilər. Şimali Amerikada isə müsəlman əhalinin sayının 6 milyondan 20 milyona çatacağı ehtimal olunur.
Xristian əhalisinin sayının da dünya üzrə artacağı gözlənilsə də, Avropa və ABŞ-da bu dinə mənsub insanların sayında azalma proqnozlaşdırılır. 2070-ci ilə qədər dünya xristianlarının sayının təxminən 3 milyarda çatacağı, artımın əsasən Afrika qitəsi hesabına baş verəcəyi bildirilir.
Araşdırmaya görə, dini mənsubiyyət üzrə demografik dəyişikliklərə doğum göstəriciləri, əhalinin yaş strukturu, miqrasiya və dini mənsubiyyətin dəyişməsi kimi amillər təsir göstərir.
Mütəxəssislər qeyd edirlər ki, bu proqnozlar dini icmalar arasında rəqabət kimi qiymətləndirilməməlidir. Söhbət əsasən əhalinin artımı, yaş strukturu və coğrafi bölgüsü ilə bağlı uzunmüddətli demografik tendensiyalardan gedir.
Qeyd edək ki, bu göstəricilər proqnoz xarakteri daşıyır və gələcək illərdə sosial, iqtisadi, siyasi və demografik dəyişikliklərdən asılı olaraq fərqlənə bilər.
