Peyvənd vurdurmamaq doğrudurmu? – Həkim açıqladı

 Peyvənd vurdurmamaq doğrudurmu? – Həkim açıqladı

Son illərdə sosial şəbəkələrdə uşaqların peyvənd olunmasına qarşı çağırışlar, vaksinlərin təhlükəsi və müxtəlif xəstəliklər törətməsi barədə iddialar geniş yayılır. Bu iddialar valideynlərdə ciddi narahatlığa səbəb olur və bəzən onların uşaqlarını peyvənd etdirməkdən imtina etməsinə gətirib çıxarır. Ancaq peyvənd immun sisteminə xəstəlik törədicisini əvvəlcədən tanımağı və ona qarşı müdafiə yaratmağı öyrədir. Beləliklə, uşaq həmin infeksiya ilə qarşılaşdıqda immun sistemi daha sürətli və effektiv cavab verə bilir.

Bu sözləri Asayis.az-a açıqlamasında pediatr Elşən Tağıyev bildirib.

Həkim qeyd edib ki, son 50 ildə cəmi 14 xəstəliyə qarşı peyvənd ən azı 154 milyon insanın həyatını xilas edib:

“Bu, hər il milyonlarla insanın ölümünün qarşısının alınması deməkdir. Peyvəndlər qızılca, poliomielit, difteriya, göy öskürək, tetanus, hepatit B və pnevmokok infeksiyası kimi təhlükəli xəstəliklərdən qorunmağa kömək edir.

Ancaq bunu da qeyd edim ki, hər bir tibbi müdaxilə kimi peyvəndlərin də yan təsirləri ola bilər. Ən çox rast gəlinən reaksiyalar isə iynə yerində ağrı və qızartı, yüngül hərarət və qısamüddətli narahatlıqdır. Bu reaksiyalar adətən müvəqqətidir və immun sisteminin cavabının bir hissəsi ola bilər.

Ağır allergik reaksiyalar və digər ciddi yan təsirlər mümkündür, lakin çox nadir hallarda baş verir. Peyvənddən sonra baş verən hər hadisə avtomatik olaraq peyvəndin yaratdığı fəsad hesab edilmir. Səbəb-nəticə əlaqəsi tibbi və elmi araşdırma ilə müəyyənləşdirilməlidir”.

Pediatrın sözlərinə görə, sosial şəbəkələrdə yayılan iddialardan biri də peyvəndin autizmə səbəb olmasıdır:

“Lakin elmi tədqiqatlar peyvəndlə autizm arasında səbəb-nəticə əlaqəsi aşkar etməyib. 2025-ci ildə ÜST-ün peyvənd təhlükəsizliyi ilə bağlı məlumatında da vaksinlərdə istifadə olunan tiomersal və alüminium tərkibli adjuvantlarla autizm arasında əlaqəni dəstəkləyən elmi sübutların olmadığı vurğulanır. Autizmin inkişafında genetik və prenatal dövr də daxil olmaqla, müxtəlif bioloji amillər rol oynayır. Peyvəndləri autizmin səbəbi kimi təqdim etmək elmi əsası olmayan iddiadır”.

Həkim bildirib ki, peyvənd olunmamış uşaq qızılca, göy öskürək, poliomielit və digər qarşısı alına bilən infeksiyalara qarşı müdafiəsiz qala bilər:

“Bu xəstəliklər pnevmoniya, ensefalit, eşitmə itkisi, iflic və hətta ölümlə nəticələnə bilər.

Üstəlik, peyvəndləmə yalnız bir uşağı deyil, peyvənd oluna bilməyən və immun sistemi zəif olan digər insanları da dolayı yolla qoruyur. Bunun üçün cəmiyyətdə yüksək peyvənd əhatəsi vacibdir.

Sosial şəbəkələrdə yayılan qorxuducu videolara və elmi əsası olmayan iddialara əsaslanaraq uşağınızın peyvəndindən imtina etməyin. Peyvəndlərlə bağlı məlumatları ÜST, UNİSEF, CDC və Səhiyyə Nazirliyinin rəsmi mənbələrindən əldə edin. Azərbaycanda uşaqların peyvəndlənməsi milli immunizasiya təqviminə uyğun aparılır. Uşağınızın peyvəndləri gecikibsə, bu, peyvənddən tamamilə imtina etmək üçün səbəb deyil. Fərdi vəziyyətə uyğun peyvəndləmə planı hazırlamaq mümkündür.

Peyvənd xəstəliyi müalicə etmək üçün deyil, onun baş verməsinin qarşısını almaq üçün vurulur. Uşaqlarımızın sağlamlığını qorumaq üçün elmi sübutlara güvənək, dezinformasiyaya yox”.

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

08:32 - 19 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin