Türkiyə COP31 üçün xüsusi mahnı təqdim etdi - Video

 Türkiyə COP31 üçün xüsusi mahnı təqdim etdi - Video

Türkiyənin tanınmış müğənnisi Sərtab Ərənər BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) üçün "One Home" ("Bir yuva") adlı xüsusi mahnı hazırlayıb.

Asayis.az xəbər verir ki, COP31-in Prezidenti, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murad Kurum sənətçinin ifa etdiyi bəstəni sosial media hesabında paylaşıb.

Nazir iqlim diplomatiyasına musiqi ilə verilən dəstəyi yüksək qiymətləndirib:

"Bir dünya, bir yuva, bir səma, bir ümid, bir səs. Toros dağlarının ətəklərindən qlobal iqlim diplomatiyasının zirvəsinə güclü bir nəfəs daşıyırıq. Mahnısı ilə COP31-ə dəstək verən dəyərli sənətçimiz Sərtab Ərənərə təşəkkür edirəm".

Ekologiya və planetin mühafizəsi çağırışlarını özündə əks etdirən "One Home" bəstəsi iqlim dəyişikliyinin yaratdığı təhlükələrə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək məqsədi daşıyır. Mahnının mətnində təbiətin qorunması, meşələrin və okeanların mühafizəsi, eləcə də gələcək nəsillər üçün planetə sahib çıxılmasının vacibliyi vurğulanır.

Qeyd edək ki, bəstə COP31-in iqlim və ətraf mühitin mühafizəsi ilə bağlı universal mesajlarını musiqi vasitəsilə daha geniş qlobal auditoriyaya çatdırmağa hədəflənib.

16:30 - 9 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin