3 yeni turizm və rekreasiya zonası yaradılacaq

 3 yeni turizm və rekreasiya zonası yaradılacaq

Azərbaycanda 3 yeni turizm və rekreasiya zonasının yaradılması, həmçinin 8 yeni dağ-piyada marşrutunun hazırlanması nəzərdə tutulur.

Asayis.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin 20 avqust 2026-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planında əksini tapıb.

Sənədə əsasən, 2027–2030-cu illərdə 3 yeni turizm və rekreasiya zonası yaradılacaq. Həmin zonaların tərkibində azı 3 turizm mərkəzinin formalaşdırılması nəzərdə tutulur.

Seçilmiş turizm mərkəzləri baş inkişaf planlarına uyğun olaraq sosial, mədəni, inzibati, mühəndis-kommunikasiya, avtomobil yolları və yol-nəqliyyat infrastrukturu ilə təmin ediləcək. Daha sonra bu ərazilərə özəl investisiyaların cəlb edilməsi və dövlət-özəl tərəfdaşlığı layihələrinin həyata keçirilməsi planlaşdırılır.

Dövlət Proqramında dağ-piyada turizminin inkişafı da ayrıca nəzərdə tutulub. Mövcud 40 haykinq və trekinq marşrutu qiymətləndiriləcək, əlavə 8 dağ-piyada marşrutu müəyyən edilərək işarələnəcək və rəqəmsal xəritələndiriləcək. Seçilmiş marşrutlarda baza düşərgələrinin və yüngül turizm infrastrukturunun yaradılması da planlaşdırılır.

Yeni turizm və rekreasiya zonalarının yaradılması üzrə əsas icraçı Dövlət Turizm Agentliyidir. Prosesdə İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və digər aidiyyəti qurumlar iştirak edəcək.

17:32 - 20 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin