Hirkan Milli Parkı zibil tullantılarının əsirinə çevrilib - Foto

 Hirkan Milli Parkı zibil tullantılarının əsirinə çevrilib - Foto

Hirkan Milli Parkının müxtəlif əraziləri və parkdan keçən yolboyu hissələr məişət tullantıları ilə çirkləndirilib.

Asayis.az Teleqraf-a xəbər istinadla xəbər verir ki, xüsusilə plastik qablar, şüşələr, sellofan torbalar və digər tullantılar parkın təbii mənzərəsini korlayaraq xoşagəlməz görüntü yaradır.

Parkın dərinliklərinə doğru irəlilədikcə bu mənzərəyə daha çox rast gəlinir.

Ziyarətçilərin sözlərinə görə, ərazidə zibil qutularının sayı olduqca azdır. Yalnız bəzi fərdi sahibkarların fəaliyyət göstərdiyi çayxana və istirahət məntəqələrinin yaxınlığında zibil qutuları mövcuddur. Nəticədə, istirahətə gələnlərin bir qismi tullantıları elə milli parkın ərazisinə atır.

Problemin digər təhlükəli tərəfi isə qadağan olunmasına baxmayaraq, parkın müxtəlif hissələrində ocaq qalıqlarının aşkarlanmasıdır. Mütəxəssislər bildirirlər ki, xüsusilə yay aylarında bu cür halların baş verməsi meşə yanğınları riskini əhəmiyyətli dərəcədə artırır.

Diqqət çəkən məqamlardan biri də odur ki, tullantılara daha çox Xanbulan su anbarının yaxınlığında rast gəlinir. Bu isə bölgənin əsas içməli su mənbələrindən biri olan su anbarının çirklənməsi riskini artırır və ekoloji baxımdan ciddi narahatlıq doğurur.

Ziyarətçilər hesab edirlər ki, milli parkın müxtəlif hissələrində zibil qutularının sayının artırılması, əraziyə nəzarətin gücləndirilməsi və maarifləndirmə tədbirlərinin genişləndirilməsi bu problemin həllinə mühüm töhfə verə bilər. Onların fikrincə, Hirkan Milli Parkı kimi unikal təbiət ərazisinin qorunması hər bir vətəndaşın məsuliyyətidir.

12:00 - 18 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin