Qəsdən sağlamlığa az ağır zərər vurma, adam oğurluğu və əzab verməkdə təqsirləndirilən "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və mərkəzin daha iki əməkdaşının cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Asayis.az Oxu.az-a istinadla xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində hakim Fərid Nəsimiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər və şahidlər ifadə veriblər.
Zərərçəkmiş şəxs Raqif Babayev ifadəsində bildirib ki, reabilitasiya mərkəzində müalicə alması üçün valideynləri müraciət ediblər:
"Mingəçevir şəhərində yaşayıram. Valideynlərim həmin reabilitasiya mərkəzinə müraciət etdilər. Kazino-qumar oyunlarından əziyyət çəkirdim. Mənə reabilitasiya mərkəzində bildirildi ki, 6 ay burada qalacaqsan. Getmək istəyirdim. Orada yad cisimlər - əşyalar udmuşam. Bunu etiraz olaraq edirdim. Buna görə təqsirləndirilən şəxslər məni döydülər. Döyənlər arasında Ceyhun Salmanov olmayıb. Buna görə üz və qulaq nahiyəmdən ağır xəsarətlər almışdım. Bundan başqa etiraz əlaməti olaraq dama çıxmışdım. 6-7 saat orada qaldım. Buna görə polis gəldi. Reabilitasiya mərkəzində qalmaq istəmədiyim barədə valideynlərimə demişdim. Orada olanda nəzarət altında çölə çıxırdım. Təqsirləndirilən şəxslər barədə heç bir şikayətim yoxdur".
Zərərçəkmiş şəxsin anası şahid qismində ifadə verib. O bildirib ki, oğlu kazino və qumar oyunları asılılığından əziyyət çəkirdi:
"Bu reabilitasiya mərkəzi barədə məlumatı "TikTok" sosial platformasında əldə etdim. Mərkəzə müraciət etdim və 3-ə yaxın əməkdaş gecə 3-də gəlib oğlumu götürdülər. İlk olaraq oğlum narazı idi. Sonra könüllü razılaşdı. Mərkəzə ayda 1000 manat ödəniş etməli idim. Pulları kart hesabına atmışdım. Heç bir şikayətim yoxdur".
Daha sonra zərərçəkmiş qismində məşhur skripka ifaçısı Ramil Həsənov dindirilib. O, narkotik istifadəçisi olduğunu deyib:
"Ailədə üç uşaq idik. Qurban adlı tanışıma müraciət etdim. O da məni reabilitasiya mərkəzinə gətirdi. Əvvəlcə 2-ci korpusda idim, daha sonra 1-ci korpusa yerləşdirildim. Orada narazılıq etdim ki, darıxıram, sıxılıram. Digər zərərçəkəni də orada tanımışam. Prokurorluq əməkdaşları gələndə artıq mən bildirdim ki, buradan getmək istəyirəm. Mən mərkəzdə təxminən 2 ay qaldım. Orada olan ciddi nizam-intizama dözə bilmirdim. Orada mənə qarşı şiddət olmayıb. Məni ora dostlarım aparmışdı və ödənişləri onlar edirdilər. Ora gələndə mən könüllülüklə bağlı imza atmışdım. Orada sağalanlar çox idi. Elə mən özüm də 2 ay orada qaldım və nəticə müsbət oldu. Təqsirləndirilən şəxslər barədə heç bir şikayətim yoxdu. Birinci dəfə çıxmaq istəyirdim deyə şikayətçi idim".
Məhkəmənin növbəti iclası iyulun 1-nə təyin edilib.
Xatırladaq ki, "Qurtuluş Reabilitasiya Mərkəzi" MMC-nin Sumqayıt şəhəri ərazisində yerləşən müəssisəsində baş verən qanunsuzluqlarla Sumqayıt Şəhər Prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılıb. İlkin istintaq tədbirləri əsasında sözügedən MMC-nin direktoru Ceyhun Salmanovun Elşad Məhərrəmov, Natiq Əliyev və istintaqa məlum olmayan digərləri ilə qabaqcadan əlbir olaraq ayrı-ayrı vaxtlarda 7-dən çox şəxsi zor tətbiq etməklə və aldatmaqla mərkəzin Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən müəssisəsinə (yaşayış evinə) gətirmələri, orada iradələri ziddinə və qanunsuz olaraq azadlıqdan məhrum edilməklə saxlamaları, saxlanıldıqları müddətdə həmin şəxsləri yaxınları ilə əlaqə saxlamaq imkanından, o cümlədən mobil telefon və digər rabitə imkanlarından məhrum etmələri, müxtəlif formada fiziki və psixi iztirablarla onlara əzab vermələri, saxlanılan şəxslərdən bir neçəsinin sağlamlığına xəsarət yetirmələrinə əsaslı şübhələr müəyyən edilib. Hər üç şəxs təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunub və barələrində prokurorun təqdimatı əsasında Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Toplanmış sübutlar əsasında Ceyhun Salmanov, Elşad Məhərrəmov və Natiq Əliyevə qarşı Cinayət Məcəlləsinin 145.2.1 və 145.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və daha çox şəxsi qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham irəli sürülüb.
