Azərbaycanda dünyanın heç bir yerində olmayan biabırçılıq...

 Azərbaycanda dünyanın heç bir yerində olmayan biabırçılıq...

Tərtərdə 19 yaşlı qadının doğuşdan sonra həyatını itirməsi cəmiyyətdə ciddi narahatlıq yaradıb. Körpənin sağ qalmasına baxmayaraq, ananın vəfat etməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Qeyd edilir ki, bu, son dövrlərdə qeydə alınan ilk ana ölümü deyil və belə halların artdığı iddia olunur. Bəzi insanlar baş verənləri həkim məsuliyyətsizliyi ilə əlaqələndirir, digərləri isə qadınların hamiləlik dövründə vaxtında müayinədən keçməməsinin ağır nəticələrə səbəb olduğunu düşünür. Bununla yanaşı, sosial şəbəkələrdə həkimlərin, xüsusilə cərrah, mama-ginekoloq və radioloqların müəllimlər kimi mütəmadi sertifikasiya və ya xüsusi imtahanlardan keçirilməsi ilə bağlı çağırışlar da səsləndirilir.

Azərbaycanda həkimlər üçün xüsusi peşə uyğunluğu imtahanlarının tətbiqi mümkündürmü?

Asayis.az xəbər verir ki, tibb elmləri doktoru, professor Adil Qeybulla Globalinfo.az-a açıqlamasında ən böyük problemlərdən birinin planlaşdırılmamış hamiləliklər olduğunu deyib.

“Məsələn, qadında müxtəlif yanaşı xəstəliklər olur – Hepatit B və ya C virusu, qaraciyər problemləri, amma ananın bundan xəbəri olmur. Bəzən isə xəbəri olsa belə, yenə hamilə qalır. Yaxud ürəkdə ciddi patologiya, xroniki böyrək çatışmazlığı və digər ağır xəstəliklər mövcud olur. Hamiləlik özü çox ciddi bir vəziyyətdir və belə hallarda həmin xəstəliklər daha da kəskinləşir, nəticədə problemlər yaranır.

Hepatit B virusu varsa, hamiləliyin son dövrlərində fulminant qaraciyər çatışmazlığı yarada və ana ölümünə səbəb ola bilər. Belə hallar az deyil. Problem əsasən bundan qaynaqlanır”, - o əlavə edib.

A.Qeybulla həkimlərin sertifikasiya imtahanlarına da münasibət bildirib:

“Həkimlərin imtahan vermə məsələsi dünyanın heç bir yerində olmayan biabırçılıqdır. Biz də buna yenidən baxmalıyıq. Əslində, lisenziya sistemi tətbiq olunmalıdır. Lisenziya sistemi odur ki, bu sistemdə həkimin bütün sənədləri yoxlanılır. Məsələn, tibbi təhsili, rezidentura hazırlığı, keçdiyi kurslar və digər göstəricilər nəzərə alınır. Bundan sonra ona müəyyən tibbi fəaliyyətlə məşğul olmaq üçün lisenziya verilir.

Bu, daha kompetent və effektiv yanaşmadır. Lisenziyanın müddəti bitəndə isə həkim müəyyən saatlarda təlim keçməli, praktiki fəaliyyət göstərməli və fəaliyyəti davamlı izlənilməlidir. Onun əməliyyatları, ölüm halları, sağaltdığı xəstələr və ümumi fəaliyyəti qiymətləndirilməli, bundan sonra lisenziyasının müddəti uzadılmalıdır. Bu, dünyada tətbiq olunan ən uğurlu sistemlərdən biridir. Həkim onsuz da imtahan verərək diplom alıb”.

Adil Qeybullanın sözlərinə görə, sonradan keçirilən əlavə imtahanlar ciddi nəticə vermir:

“Digər tərəfdən, ölüm və ya ağırlaşma halları baş verəndə bunları tibbi komissiyalar araşdırmalıdır. Dünyanın əksər ölkələrində belə edilir. Əgər həkim səhvi aşkarlanarsa, ona uyğun tədbirlər görülür. Belə olduqda həkimlər əlavə kurslara göndərilir, bəzən ixtisasartırma proqramlarına cəlb olunur, ciddi pozuntular olduqda isə cəza tədbirləri tətbiq edilir. Hesab edirəm ki, biz də dünyanın getdiyi yolla getməliyik. Özümüzdən Amirika kəşf etməməliyik. Sertifikasiya imtahanları müəllimlərə, həkimlərə, hüquqşünaslara və digər peşə sahiblərinə tətbiq olunur, amma praktika göstərir ki, bunlar problemi həll etmir. Artıq 16 ildir həkimlər imtahan verir, amma ortada ciddi nəticə görünmür. Məncə, dünya praktikasında sınaqdan çıxmış modelləri tətbiq etməliyik”.

15:52 - 9 May 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin