Mayın 6-da Azərbaycan Dillər Universiteti (ADU) və Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Asayis.az xəbər verir ki, öncə Dövlət Himni, daha sonra YAP-ın himni səsləndirilib.
ADU-nun rektoru, akademik Kamal Abdulla tədbir iştirakçılarını salamlayıb, tədbirin əhəmiyyətindən danışıb. Qeyd olunub ki, Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik irsi, siyasi uzaqgörənliyi və milli dəyərlərə bağlılığı bu gün də Azərbaycan dövlətinin inkişafında mühüm rol oynayır.
Rektor vurğulayıb ki, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi, milli-mənəvi dəyərlərə hörmətlə yanaşması məhz belə tədbirlər vasitəsilə daha da möhkəmlənir.
Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın tərəqqisinə xidmət edən səmərəli dövlətçilik siyasəti bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən yüksək əzmkarlıq və uğurla davam etdirilir. Məhz bunun nəticəsidir ki, bu gün ölkəmiz beynəlxalq birliyin nüfuzlu üzvlərindən biri hesab olunur.
Rektor çıxışında qeyd edib ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın xilaskarı Heydər Əliyev öz müdrik və uzaqgörən siyasəti ilə dövlətçiliyimizin möhkəm təməlini qoymuş, ölkəmizin siyasi, iqtisadi və mədəni inkişafının əsas istiqamətlərini müəyyənləşdirmişdir.
Ulu öndərin rəhbərliyi dövründə həyata keçirilən islahatlar Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasına, milli birliyin güclənməsinə və dövlət institutlarının formalaşmasına mühüm töhfə verib.
Bu gün də Heydər Əliyev ideyaları yaşayır və onun müəyyən etdiyi strateji kurs Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasətin nəticəsi olaraq Azərbaycan regionun lider dövlətinə çevrilmiş, mühüm siyasi və iqtisadi uğurlara imza atmışdır. Qarabağ işğaldan azad olunmuş, ölkəmizin ərazi bütövlüyü bərpa edilmiş, uzun illər həsrətlə gözlənilən ədalət və tarixi həqiqət öz yerini tapmışdır. Bu böyük Zəfər xalqımızın birliyinin, ordumuzun gücünün və dövlətimizin qətiyyətli siyasətinin nəticəsi kimi tarixə qızıl hərflərlə həkk olunub.
Daha sonra YAP sıralarına yeni qoşulan bir qrup tələbəyə üzvlük vəsiqələri təqdim edilib.
Tədbir bədii hissə ilə davam edib.
