Vilayət Eyvazov DİN rəsmilərini topladı - FOTOLAR

 Vilayət Eyvazov DİN rəsmilərini topladı - FOTOLAR

Daxili İşlər Nazirliyində cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə daxili işlər orqanlarının 2021-ci ildəki fəaliyyətinin nəticələri və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclası keçirilib.


Videokonfrans formatında keçən iclası giriş sözü ilə açan nazir, general-polkovnik Vilayət Eyvazov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən fəal hüquq mühafizə siyasətinin məntiqi nəticəsi olaraq ölkəmizdə möhkəm təməllərə söykənən ictimai asayiş və sabitlik 2021-ci ildə də etibarlı qorunub. Daxili işlər orqanları tərəfindən əvvəlki illərdə əldə olunmuş müsbət nəticələrin inkişaf etdirilməsi istiqamətində əhəmiyyətli işlər görülüb.

Eyni zamanda, o, daxili işlər orqanlarının və Daxili Qoşunların cinayətkarlıqla mübarizə, ictimai asayişin qorunması, insan hüquq və azadlıqlarının müdafiəsi, xüsusi karantin rejiminə nəzarətin həyata keçirilməsi sahəsində xidməti vəzifələrin öhdəsindən layiqincə gəldiyini, beynəlxalq və respublika əhəmiyyətli kütləvi tədbirlərdə və işğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyi etibarlı təmin etdiyini vurğulayıb.

Nazir V.Eyvazov hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, 2021-ci ildə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan dövlət qurumları üzrə  31.131 cinayət qeydə alınıb və onlardan 94,2 faizi daxili işlər və prokurorluq orqanlarının prosessual qaydada araşdırdığı hüquqazidd əməllər olub. Cinayətlərin 84 faizini böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil edib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri ilə cinayətlərin 88,9 faizinin  açılması təmin edilib. Ayrı-ayrı hüquqazidd əməllərin açılmasının nəticələri də yüksək olmaqla ağır və xüsusilə ağır cinayətlərin 82,9, qeyri-aşkar şəraitdə baş verənlərin 83,4, şəxsiyyət əleyhinə olanların 97,9, mülkiyyət əleyhinə olanların 79,9 faizi açılıb. Vətəndaşların iştirakı ilə açılan cinayətlərin sayı isə hesabat dövründə 39 faiz artaraq 7837 fakt təşkil edib.

Prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 332 cinayət üzrə təqsirli şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunub.
O da qeyd olunub ki, müqayisə edilən dövrə nisbətən 2021-ci ildə şəxsiyyət əleyhinə olan cinayətlər 4,3, o cümlədən qəsdən adam öldürmələr 13, adam öldürməyə cəhdlər 16,7, qəsdən sağlamlığa az ağır zərər vurmalar 2,7, odlu silahın tətbiqi ilə baş verən cinayətlər 21,4, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilənlər 31, oğurluqlar 3,3, onlardan mənzillərdən edilənlər 14, soyğunçuluqlar 26 faiz azalıb.
Həyata keçirilmiş operativ tədbirlər nəticəsində 268 kriminal qrup zərərsizləşdirilib, odlu silah saxlayan və daşıyan 188 şəxs cinayət məsuliyyətinə cəlb edilib.
Qanunsuz dövriyyədən 2020-ci illə müqayisədə 1,1 ton çox - 3 ton 45 kiloqram narkotik vasitənin çıxarıldığını, 174 tondan artıq narkotik xassəli bitkilərin aşkarlanıb məhv edildiyini vurğulayan nazir V.Eyvazov son illər müvafiq sahədə görülən işləri müsbət qiymətləndirib. Bu bəlaya qarşı mübarizədə hər kəsin ümumi işə real köməkliyinin vacibliyini, həmçinin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə vətəndaşların məlumatları əsasında müsbət nəticələri olan bir çox əməliyyatların keçirilidiyini xüsusi vurğulayıb və bu növ cinayətlərin açılmasında da fəal vətəndaşlıq mövqeyi sərgiləyən şəxslərə təşəkkür edib.


Yeniyetmələr və gənclər arasında antinarkotik təbliğatın daha məqsədyönlü davam etdirilməsinin vacibliyinə də toxunan nazir bu istiqamətdə əsas diqqətin ölkədə narkotiklərə tələbatın azaldılmasına yönəldilməsinin əhəmiyyətini nəzərə çatdırıb. Daxili İşlər Nazirliyinin bu məsələdə cəmiyyətin yetkin təbəqəsinə, sağlam düşüncəli hər bir vətəndaşa güvəndiyini, mediadan, sosial şəbəkələrin aktiv istifadəçilərindən, o cümlədən bloggerlərdən daha böyük gözləntilərinin olduğunu qeyd edib.
Vətəndaş məmnunluğunun təmin olunması, ərizə və şikayətlərin obyektiv, həssaslıqla araşdırılması, qanunçuluğun qorunması, şəxsi heyətin etik davranış qaydalarına riayət etməsi kimi mühüm vəzifələrin icrasına da diqqət çəkən general-polkovnik Vilayət Eyvazov bu istiqamətlərdə böyük bir fəaliyyətin ortaya qoyulduğunu, nəticələrin müsbət olduğunu, o cümlədən vətəndaşların qəbulu və minlərlə müraciətinin araşdırılması zamanı qaldırdıqları məsələlərin əksəriyyətinin qanunauyğun həllini tapdığını, “102” Xidmətinə, qaynar xətlərə daxil olmuş, sosial şəbəkələrdə yayımlanmış hər bir müraciətə çevik reaksiya verildiyini, cinayətlər nəticəsində vurulmuş maddi ziyanın təxminən 90 faizinin ödənildiyini, əhaliyə göstərilən elektron xidmətlərin müasir tələblərə uyğun təkmilləşdirildiyini nəzərə çatdırıb.

İclasda Bakı şəhər Baş Polis İdarəsinin rəisi polis general-mayoru Əkbər İsmayılov, Baş Mühafizə İdarəsinin rəisi polis general-mayoru         Nurullah Məmmədxanlı, Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi polis       general-mayoru Oqtay Kərimov,  Gəncə şəhər Baş Polis İdarəsinin rəisi polis general-mayoru Teymur Hacıyev, Sumqayıt şəhər Polis İdarəsinin rəisi polis polkovniki Fəqan Azadəliyev və ərazi polis orqanlarının rəisləri hesabat məruzəsi ilə çıxış ediblər.

İclasa yekun vuran daxili işlər naziri 2021-ci ildə əməliyyat-xidməti fəaliyyətdə əldə edilmiş müsbət nəticələrlə bərabər, ümumi işə mənfi təsir göstərən halların mövcudluğunu da nəzərə çatdıraraq onların hərtərəfli təhlili, aradan qaldırılması yolları, həmçinin qarşıda duran vəzifələrlə bağlı konkret tapşırıq və tövsiyələrini verib.

General-polkovnik Vilayət Eyvazov daxili işlər orqanlarına, onun                    maddi-texniki bazasının möhkəmləndirilməsinə, şəxsi heyətinin sosial müdafiəsinin gücləndirilməsinə, infrastrukturunun yenilənməsinə göstərdiyi ali diqqət və qayğıya, fəaliyyətinə verdiyi böyük dəyərə və etimadına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə bütün şəxsi heyət adından dərin minnətdarlığını bildirib və əmin edib ki, respublikada asayişin, daxili təhlükəsizliyin, qanunçuluğun və hüquq qaydasının qorunması sahəsində vəzfələr bundan sonra da layiqincə yerinə yetiriləcək.


18:04 - 18 Yanvar 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin