ABŞ-ın Manhetten prokurorluğu ermənipərəst çıxışları ilə tanınan Nyu-Cersi ştatından olan senator Robert Menendezin həyat yoldaşı Nadin Arslanyanın ərinin mövqeyinə təsir göstərmək istəyən şəxslərdən hədiyyə almasını və ya onların xidmətlərindən yararlanmasını araşdırır.
Asayis.Az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə “Wall Street Journal” yazıb.
Məlumata görə, Arslanyanın “tərəfdaş”ları Nyu-Yorkun Cənub Bölgəsi üzrə Baş Prokurorluğu tərəfindən aparılan təhqiqat çərçivəsində hüquq-mühafizə orqanlarına çağırılıb və onlardan həm Nadin Arslanyan, həm də senator əri haqqında məlumat vermələri istənilib.
Qeyd edək ki, hazırda aparılan istintaq 2015-ci ildəkindən ayrıdır. Həmin vaxt Floridada göz həkimi kimi fəaliyyət göstərən Salomon Melgen ilə münasibətinə görə 68 yaşlı Menendesə qarşı rüşvət və korrupsiya ittihamları irəli sürülmüşdü, prokurorlar Menendesi seçki kampaniyası üçün 1 milyon dollara yaxın ianə və “səxavətli hədiyyələr” (şəxsi təyyarə uçuşları, birinci dərəcəli kommersiya uçuşu və çarter uçuşu) almaqda ittiham etmişdilər.
Nadin Arslanyanla bağlı hazırkı təhqiqat ən azı 2019-cu ilə təsadüf edir. Həmin vaxt müstəntiqlər Arslanyanın ortağı, Nyu-Cersili iş adamı Vael Xanın əmlakı üçün axtarış orderi vermişdilər.
Prokurorluq iş materiallarına əsasən, mümkün gizli xarici lobbiçilik faktının olub-olmadığını araşdırır.