MİDA-dan mənzil almaq adı ilə Qazinin 25 min manat pulu mənimsənildi – Dələduzluq 

 MİDA-dan mənzil almaq adı ilə Qazinin 25 min manat pulu mənimsənildi – Dələduzluq 

Vətən Müharibəsi iştirakçısı Emil Ağayev ona qarşı dələduzluq edildiyini iddia edir.

Asayis.Az “qafqazinfo”ya istinadən xəbər verir ki, tanışı Rəsulov Mahir Mehman oğlu ondan MİDA mənzillərindən birini almaq və ilkin ödəniş etmək adı ilə 25 450 manat pul alıb. Lakin vədinə əməl etməyərək ona qarşı dələduzluq edib, sonra isə pulu qaytarmaqdan imtina edib.

Emil Ağayev məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin “102” çağrı mərkəzinə müraciət etdiyini bildirib.

Qazinin sözlərinə görə, ailə hələ də onu aldatmağa davam edir:

“Söz veriblər ki, evlərini satıb, mənim pulumu qaytaracaqlar. Lakin evi satdılar, pulu qaytarmadılar. İstintaq gedə-gedə, sentyabrın sonlarında Bakı Apellyasiya Məhkəməsi Mahiri ev dustaqlığına buraxıb. Polisə şikayət edirəm, baxan yoxdur”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanlanıb. DİN Mətbuat Xidmətindən müraciətə cavab olaraq bildirildi ki, vətəndaş Emil Ağayevin dələduzluğa məruz qalması barədə müraciəti araşdırılıb:

"Yasamal Rayon Polis İdarəsində aparılan araşdırmalarla məlum olub ki, vətəndaş Mahir Rəsulov Emil Ağayevdən Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal rayonu ərazisində inşa edilən yaşayış binalarından müvafiq məbləğ müqabilində sosial mənzillər təşkil etmək imkanı olması barədə yalan məlumat verməklə ondan 25450 manat alıb. Araşdırmalarla onun daha 36 nəfərin dələduzluq yolu ilə pulunu ələ keçirməsi də məlum olub. Faktla bağlı cinayət işi açılıb. Zəruri istintaq hərəkətləri davam etdirilir".

Qeyd edək ki, Emil Ağayev 44 günlük Vətən Müharibəsinə könüllü olaraq yollanıb. “Zəngilanın azad olunmasına görə, “Cəbrayılın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.

 

 

15:21 - 18 Noyabr 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin