Bakıdan Şuşaya bir istiqamətə bilet 10 manat 40 qəpik, Ağdama bir istiqamət üzrə bilet isə 9 manat 40 qəpik olacaq.
Səhər 6:30-da avtobuslar Bakıdan çıxacaq. Həmin məntəqədən geri dönüş 2 saat yarım sonra olacaq.
Vətəndaşlara ildə yalnız bir dəfə səfər etmək limiti veriləcək.
Vətən müharibəsi qəhrəmanları, Milli qəhrəmanlar, şəhid ailəsinin üzvləri, Qarabağ müharibəsi əlillərinə bilet pulsuzdur.
24 yanvar tarixindən etibarən Bakı – Şuşa, Bakı – Ağdam, Əhmədbəyli – Şuşa, Füzuli Beynəlxalq Hava Limanı – Şuşa, Bərdə – Ağdam istiqamətlərində şəhərlərarası müntəzəm avtobus marşrutları istifadəyə veriləcək.
Reyslər Əhmədbəyli – Şuşa marşrutu üzrə həftədə 4 dəfə, digər istiqamətlər üzrə isə 2 dəfə olmaqla təşkil ediləcək. Füzuli Beynəlxalq Hava Limanı – Şuşa avtobus marşrutunun fəaliyyəti təyyarə aviareysləri ilə uzlaşdırılacaq.
Növbəti günlərdə marşrut xətlərinə bilet satışı onlayn qaydada həyata keçiriləcək. Vətəndaşlar “Yolumuz Qarabağa” portalı vasitəsilə onlayn bilet ala bilərlər.
Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş etməlidirlər.
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik idarəsinin rəis müavini Eldəniz Məmmədov bildirib ki, səfərlərlə bağlı bir sıra işlər görülüb: "İlkin olaraq bütün səfərlər müşayiətlə həyata keçirəcək. Vətəndaşlar azad olunmuş ərazilərə daxil olmamış son duracaqda onlar tabletlər vasitəsilə bir daha yoxlanacaq və polis əməkdaşı avtobusa əyləşəcək. Səfər onun iştirakı ilə təşkil ediləcək".