Apteklərdə satılan yerli tibbi maskaların keyfiyyətsiz olması vətəndaşların narazılığına səbəb olur. Birqatlı, tezcırılan, həddən artıq nazik maskaların qoruyuculuq imkanları ciddi şübhə doğurur.
Bu barədə açıqlama verən “Bakı Tekstil Fabriki” MMC-nin rəhbəri Səkinə Babayeva bildirib ki, fabrik apteklər şəbəkəsi ilə heç bir müqavilə imzalamır:
“Biz yalnız kooparativ müəssisələrlə işləyirik. Apteklərdə satılan keyfiyyətsiz tibbi maskaların çoxu ucuz qiymətə olduğu üçün xaricdən gətirilir. Bakı Tekstil Fabrikində istehsal olunan maskalar üçqatlıdır. Heç bir təhlükə törətmir. İstehsal olunduqda Bakı Araşdırmalar İnstitutunda ekspertizadan keçir. Tibbi maskanın hazırlanması üçün nəzərdə tutulan xammal da gömrükdən keçdiyi zaman gömrük laboratoriyasında yoxlanılır”.
S.Babayeva qeyd edib ki, keyfiyyətsiz maskalar barədə əsas şikayətlər qaşınma verməsi və tez sıradan çıxmadır:
“Bu maskaların vətəndaşlara satış qiyməti fərqlənməsə də, alış qiyməti çox ucuzdur. Dövlətin qoyduğu qaydalara əsasən istehsal etdiyimiz maskalar 8-13 qəpik olursa, təklif irəli sürmüşük ki, apteklər şəbəkəsinə hətta 11 qəpiyə satmağa razıyıq. Əsas odur ki, apteklərdə öz milli maskalarımız alınsın. İnsanların təhlükəsizliyi baxımından da bu vacibdir”.
İnfeksionist Nicat Əzimli bildirib ki, istehsal və əlçatanlıq baxımından ən əlverişli cərrahi tibbi maskaların koronavirusdan qoruyucu effekti var:
“Lakin virusun son mutasiyaları bu effektivliyi müəyyən qədər aşağı salıb. Belə olan halda xüsusilə Omikron kimi yoluxuculuğu yüksək olan variantdan qorunmaq üçün cərrahi maskaların 1 ədədi kifayət etmir, məsləhətdir ki, 2 ədəd maska eyni vaxtda, üst-üstə taxılaraq istifadə olunsun. Belə şəraitdə bir maskanın ikiqat deyil, birqat və keyfiyyətsiz olması ciddi narahatlıq yaradır. Hesab edirik ki, maskanın keyfiyyətsizliyi istehsal prosesində yaranmış xətadan qaynaqlanır və bu problemin dərhal aradan qaldırılması vacibdir”.
Məsələ ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə sorğu göndərilib.