Bakı şəhərinin müxtəlif ərazilərində fəaliyyət göstərən bəzi avtoyuma məntəqələrinin xüsusi ayrılmış qapalı zona və təmizləyici sistem olmadan, birbaşa küçə kənarında avtomobilləri yuması narazılıq doğurur. Yuyucu vasitələrin, kimyəvi tərkibli maddələrin və çirkab suların yol səthinə axıdılması, piyadaların üzərinə sıçradılması, həmçinin səs-küy problemi məsələni aktuallaşdırır.
Məsələ ilə bağlı Asayis.az-a açıqlamasında əmlak eksperti Ramil Osmanlı bildirib ki, qeyri-yaşayış və kommersiya təyinatlı obyektlərin yerləşməsi və fəaliyyəti ilə bağlı konkret tikinti normaları mövcuddur.
“Avtoyuma məntəqələrinin öz standartları var. Bu tip obyektlər intensiv nəqliyyat axını olan küçələrdə və piyada səkilərinə yaxın ərazilərdə fəaliyyət göstərə bilməz. Təəssüf ki, bəzi hallarda nəinki səkilərdə, hətta hərəkət zolaqlarında belə bu cür obyektlərin fəaliyyət göstərdiyini görürük”, - o deyib.
Ekspert çirkab və tullantı sularının küçələrə axıdılmasını da ciddi problem adlandırıb:
“Avtoyuma məntəqələrinin çirkab sularının əhalinin intensiv hərəkət etdiyi ərazilərə axıdılması həm ekoloji standartlara cavab vermir, həm də qanunvericiliyin pozulmasıdır. Bu, artıq müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətinə daxil olan məsələdir. Bu istiqamətdə yerli icra hakimiyyətləri, bələdiyyələr və digər aidiyyəti qurumlar məsələ qaldırmaq və tədbir görmək hüququna malikdir. Şəhərdaxili yolların əksəriyyəti formal olaraq bələdiyyələrin balansındadır. Düzdür, praktikada onların nəzarət imkanları zəifləyib. Lakin bələdiyyələr bu istiqamətdə məsələ qaldıra bilər”.
Mövzu ilə bağlı əvvəlcə Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, məsələ onların səlahiyyətinə aid deyil və ekoloji aspekt varsa, bu istiqamətdə müraciət Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, su və tullantı sularının axıdılması ilə bağlıdırsa, Dövlət Su Ehtiyatları Agentliyinə ünvanlanmalıdır. Lakin sözügedən qurumlar da konkret fakt üzrə münasibət bildirmək səlahiyyətində olmadıqlarını qeyd ediblər.
