Bir neçə gün əvvəl arayış almaq üçün Nizami rayonu, Bəhruz Nuriyev 40 ünvanında yerləşən 142 saylı Mənzil Komunal İstismar Sahəsinə (JEK) getmişdim. İçəri girəndə təəccübümü və üzümdəki xoş təbəssümü gizlədə bilmədim. İlk dəfə idi ki, belə təmiz, səliqəli JEK görürdüm. Səliqə-səhman JEK-in dəhlizi ilə kifayətlənmirdi, digər otaqların təmizliyi də göz oxşayırdı. Maraqlananda dedilər ki, JEK-ə təzə rəis gəlib. Arayışı peçatlatmaq üçün rəisin otağına daxil olanda bir daha təəccübləndim. JEK-in dəhlizinə daxil olarkən gördüyüm təmizlik, yeni təyin olunmuş rəis Cabbarov Natiqin otağında daha çox özünü göstərirdi. Həmçinin, Natiq müəllimin işinə məsuliyyətli yanaşması onun geyim tərzində, sakinlərlə mədəni, çox nəzakətlə davranışında da aydın görsənirdi. Hər bir sakinə ən doğması kimi yanaşan Natiq müəllim elə məni də əzizi, yaxını kimi qəbul elədi. Hiss elədim ki, budəfəki rəis sözün əsl mənasında işləməyə, yaradıb, qurmağa gəlib. Qısa söhbətimizdən onun barəsində düşündüklərimin əbəs olmadığına əmin oldum. Söhbətimiz zamanı ancaq və ancaq quruculuq işlərindən, gələcək planlardan danışan Natiq müəllimin işinin ustası olduğunu artıq sakinlər də görməkdədir. Hər gün həyətimizdə yeni salınmış abad həyəti gəzən, səliqəyə xüsusi fikir verən Natiq müəllim məhləmizin təmiz qalmasına özü də töfhəsini əsirgəmir. Məsələn, bu yaxınlarda Natiq müəllimin təşəbbüsü ilə maarifləndirici işlərə də başlanılıb. Belə ki, ərazinin təmiz qalması üçün bina önlərinə, ağaclara buklet tipli yazılar yapışdırılıb. Bu isə məhlənin abad qalmasında xüsusi rol oynayır. Nəzərə alsaq ki, maarifləndirici işlər həmişə öz bəhrəsini verib, bu addımın da müsbət nəticələr verəcəyinə qəti şübhə yoxdur. Soyuq ayların başlamasına baxmayaraq, JEK işçiləri hər gün məhləmizi süpürür, ərazidəki səliqə-səhmana xüsusi ciddiyətlə yanaşırlar. Təbii ki, bütün müsbət işlərdə rəhbərliyin böyük əməyi var. Hamımıza məlumdur ki, bir yerdə uğur varsa, deməli orda idarəçilik yaxşı, işlər əla gedir. Bütün məhlələrə bizim həyətdəki təmizlikdən, bütün JEK-lərə isə Natiq müəllim kimi, idarəçi arzulayıram.