Baş Dövlət Yol Polisi İdarəsi motosiklet, moped və digər bu tip ikitəkərli nəqliyyat vasitələrini idarə edən sürücülərə müraciət edib.
Asayis.Az xəbər verir ki, müraciətdə hazırda ölkənin avtomobil yollarında bu tip ikitəkərli nəqliyyat vasitələrinin sayının sürətlə artdığı bildirilib, onlara qaydalara əməl etməklə bağlı çağırış edilib.
“Təəssüf ki, qeyd olunan mexaniki nəqliyyat vasitələrinin sürücüləri arasında yol hərəkəti qaydalarına yanaşma birmənalı deyil. Son 15 gün ərzində Neftçala, Şəki, Zaqatala, Kürdəmir rayonları ərazisində motosiklet və moped sürücülərinin iştirakı ilə qeydə alınan 5 yol qəzasında 4 nəfərin həyatını itirməsi, 3 nəfərin xəsarət alması, bununla yanaşı, cari ilin 11 ayı ərzində respublika üzrə bu tip nəqliyyat vasitələrinin iştirakı ilə baş vermiş 46 yol-nəqliyyat hadisəsində 16 nəfərin həyatını itirməsi, 34 nəfərin xəsarət alması, bu sahədə sürücü intizamının qənaətbəxş olmadığından xəbər verir.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha motosiklet, moped və digər bu tip ikitəkərli nəqliyyat vasitələrini idarə edən sürücülərə müraciət edərək, onları təhlükəsizlik qaydalarına qeyri-şərtsiz əməl etməyə, küləkli, yağmurlu havalarda xüsusilə ehtiyatlı olmağa, özlərinin və başqalarının həyat və sağlamlığını təhlükə atmamağa çağırır!”, - müraciətdə qeyd olunub.