Ağadadaş Ağayevin həbs edilməsi tələb edildi - Xalq artisti məhkəməyə gəlmədi

 Ağadadaş Ağayevin həbs edilməsi tələb edildi - Xalq artisti məhkəməyə gəlmədi

Binəqədi Rayon Məhkəməsində Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 

Asayis.Az 
xəbər verir ki, hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən iclasda Ağadadaş Ağayev iştirak etməyib. 

Ağadadaş Ağayev səhhətində yaranan problemlə bağlı məhkəmə iclasına gəlmədiyi məlum olub.  Zərərçəkmiş tərəfin vəkili Ağadadaş Ağayevin həbs edilməsini tələb edib. 

Ağadadaş Ağayevin iştirak olmadan prosesin keçirilməsi mümkün olmayıb. Bu səbəbdən iclas təxirə salınıb.

Qeyd edək ki, bu ilin iyulun 22-də Bakı şəhər sakini olan Nurəddin Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 7 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman paytaxt sakini Ağadadaş Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini, əlindəki balta ilə hədələdiyini bildirib.

Nurəddin Cəlilov daha sonra izahatında Ağadadaş Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan Nəzakət Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib.

Ağadadaş Ağayevin barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə Nurəddin Saleh oğlu Cəlilov və Nəzakət Məzahir qızı Paşayeva zərərçəkmiş qismində tanınıb.

13:52 - 1 Noyabr 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin