“Arvadımın yad kişilərlə əlaqə saxlamasından şübhələnmişəm” - TƏFƏRRÜAT

 “Arvadımın yad kişilərlə əlaqə saxlamasından şübhələnmişəm” - TƏFƏRRÜAT

Astara rayonunda 1979-cu il təvəllüdlü Pərvin şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Səbinəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Asayis.Az-ın məlumatına görə, hadisə Astara rayonunun kəndlərindən birində baş verib. Pərvin birgə yaşadıqları evdə həyat yoldaşı Səbinə ilə arasında şəxsi münasibətlər zəminində baş verən mübahisə zamanı onun sol diz oynağına və sol bud nahiyəsinə təpiklə zərbə vurub. 

Hadisəni törədən Pərvinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Pərvin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2007-ci ildə Səbinə ilə rəsmi evlənib, birgə nigahlarından iki azyaşlı övladları olub: “Həyat yoldaşım Səbinə kənd körpələr evində dayə işləyir, istirahət günlərində kənd qadınları ilə Cəlilabad rayonuna sahədə çiyələk yığmağa gedir. Səbinənin çiyələk yığmağa getməyinə etiraz etmişəm.  Lakin Səbinə məni eşitməyib. Bu səbəbdən də aramızda narazılıq yaranıb. Səbinənin yad kişilərlə telefon vasitəsi ilə əlaqə saxlamasından şübhələnmişəm”.

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü, təxminən saat 23 radələrində yaşadıqları evdə olduqları vaxt Səbinəyə onun yad kişilərlə telefon əlaqəsi saxlamasından şübhələndiyini bildirib: “Səbinə heç kimlə telefon əlaqəsi saxlamadığını dedi. Mənimlə kobud danışdı. Bu səbəbdən də aramızda baş verən mübahisə zamanı əsəbiləşərək yumruq və təpiklə onun bədən nahiyyəsinin müxtəlif yerlərindən, sol diz və sol bud nahiyyələrindən vuraraq onu döydüm. Dava-dalaş zamanı kənar şəxs olmayıb, dava-dalaş təxminən 3-4 dəqiqə davamı etdi”. 

İş üzrə zərərçəkmiş qismində ifadə verən Səbinənin sözlərinə görə, əri ilə birgə yaşadıqları kəndin körpələr evində dayə işləyir: “İstirahət günlərində kənd qadınları ilə Cəlilabad rayonuna sahədə çiyələk yığmağa gedirəm. Pərvin məni qısqandığı üçün çiyələk yığmağa getməyimə etiraz etdiyindən aramızda narazılıq yarandı. Hadisə günü, saat 23 radələrində yaşadığımız evdə olduğunmuz vaxt “telefon vasitəsi ilə yad kişilərlə əlaqə saxlayırsan” deyə Pərvin mənə bildirdi. Mən isə “heç kimlə telefon əlaqəsi saxlamıram” deyə cavab verdim. Bu səbəbdən də aramızda baş verən mübahisə zamanı Pərvin yumruq və təpiklə sol diz və sol bud nahiyyələrimdən zərbə vuraraq məni döydü”. 

Bu cinayət işinə Astara Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Pərvinin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. Demokrat.az

16:18 - 31 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin