Astara rayonunda 1957-ci il təvəllüdlü Fərizə şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qonşusu Fərmana (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Asayis.Az-ın məlumatına görə, hadisə bu ilin avqustun 25-də, saat 9 radələrində Astara şəhəri, Ziya Bünyadov küçəsində baş verib.
Fərizə yolun kənarında Fərman ilə aralarında şəxsi münasibətlər zəminində baş verən mübahisə zamanı onun baş nahiyəsinə daşla bir dəfə vuraraq, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Fərizənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fərizə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Fərmanı tanıyır, evlərinin yaxınlığında xalça yumaqla məşğuldur: “Avqustun 23-də, səhər saatlarında evindəki xalçanı yumağa göndərdim. Həmin günü axşamüstü xalçanı aparmağa gəldim. Fərman mənə “uşaqlarım gəlib, xalçanı yumağa vaxtım olmayıb, xalçanı yuyandan sonra sənə zəng edərəm” dedi. Lakin Fərmandan yenə də heç bir xəbər olmadı. Ona görə də avqustun 25-də, saat 9 radələrində xalçanı aparmağa gəldim və Fərmanı çağırdım. Fərman həyətdən xalça yuduğu yerə çıxdı. Ona “məni aldadırsan, xalçanı yumursan, xalçanı ver aparım” deyə ondan xalçanı aparmağımı istədim. Bundan sonra aramızda mübahisə baş verdi. Mübahisə zamanı Fərman yumruqla məni vurduğu üçün yerdən bir daş götürərək onun baş nahiyəsindən vurdum. Həmin zamanı orada kənar şəxs olmayıb. Təxminən hadisə 2-3 dəqiqə davam etdi”.
Bu cinayət işinə Astara Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Fərizə 1000 manat miqdarında cərimə olunub. Demokrat.az