Dəmir Yolları rəhbərliyi 5 ildir hara baxırdı? - VİDEO

 Dəmir Yolları rəhbərliyi 5 ildir hara baxırdı? - VİDEO

Məlum olduğu kimi, bir neçə gün əvvəl yağan güclü yağışlar nəticəsində Bakının infrastrukturunun bir işə yaramadığı üzə çıxıb.

Tribunainfo.az xəbər verir ki, bu hadisə nəticəsində iki nəfərin suda boğularaq ölməsi faktı da məlum olub.

Qeyd edək ki, rəsmi qurumlar belə bir vəziyyətin yaranmasının səbəbi kimi, normadan artıq yağışın yağmasının arqument kimi irəli sürüblər. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov isə deyib ki, bəzi məsuliyyətsizliklər və səhlənkarlıqlar olub və onları araşdıracaqlar.

Tribunainfo.az məsələ ilə bağlı maraqlı bir araşdırma aparıb. Söhbət faciənin baş verdiyi tunellə bağlıdır. Belə ki, Sabunçu tuneli kimi tanınan və Dövlət Dəmiryolu İdarəsinin balansına olan həmin tunel ilk dəfə deyil ki, yağış suları ilə dolub. Hələ 2019-cu ilin yayında istifadəyə verilmiş tuneldə, elə həmin ilin sentyabrında yağan güclü yağışlardan dolması nəinki təsdiqlənib, bununla bağlı mediada video da yayılıb. Həmin videoya yazının sonunda baxa bilərsiz.

Deməli, 2019-cu ilin 3 sentybarında Sabunçu sakinləri mətbuata görüntüləri göndərərək, bir ay öncə açılmış tunelin vəziyyətini bütün çılpaqlığı ilə nümayiş etdirmişdilər. Həmin vaxt sakinlər bildirmişdilər ki, yağış sularından solan tuneldə bir neçə maşın qalıb. Dəfələrlə rəsmi qurumlara edilən müraciətlərə isə cavab verən yoxdur.

İndi isə keçək başqa bir mətləbə. Sözügedən tunel “Azərbaycan Dəmir Yolları” QSC-nin sifarişi ilə tikilib. İnşaat işlərini “Körpü Bina Tiikinti” MMC həyata keçirib. Sabunçu vağzalı ilə Ramanı və Heydər Əliyev prospektlərini birləşdirən tunel dəmiryolu xəttinin altından keçir. Prosedur olaraq, ADYİ tender keçirib və qalib olan şirkətə də inşaat işlərini tapşırıb. Amma…

Məsələnin amması odur ki, ADYİ tunel inşa edildikdən sonra onu təhvil almalıydı ki, alıb. Həmin vaxt orada nəzərədə tutulan işlərin həyata keçirilməsinə nəzarət etməli, çatışmayan hallar varsa, podratçı şirkətlərdən onları aradan qaldırmağı tələb etməliydi. Əks təqdirdə, işləri təhvil almaqdan imtina etmək hüququ vardı.

2019-cu ildə baş vermiş hadisədən sonra “Azərbaycan Dəmir Yolları” QSC-nin o zamankı Mətbuat Katibliyi şöbəsinin rəisi Natəvan Bayramova mediaya açıqlamasında demişdi ki, yeraltı tunelin tikintisi zamanı Sabunçu rayon ərazisinin illik yağıntı normalarına uyğun olaraq nasosxana quraşdırılıb: “Lakin ərazidə işlər yekunlaşmadığından və yağış suyunun çox olması səbəbindən nasosxana suyun uzaqlaşdırılmasını çatdıra bilməyib. Buna baxmayaraq, dəmir yolu tərəfindən tədbirlər görülüb, suyu tuneldən uzaqlaşdırmaq üçün əlavə güclü nasos quraşdırılıb və görülmüş tədbirlər nəticəsində yeraltı tuneldən avtomobillərin hərəkəti bərpa olunub”.

Hadisədən 5 il keçir. Yenə yağış suları tuineli basır və bu dəfə iki nəfər suda boğularaq ölür. Yəni, bu 5 il ərazində ADYİ bircə dəfə də olsun balansında olan tunellərlə maraqlanıbmı? Necə olur ki, ADYİ 5 il öncə baş vermiş hadisədən nəticə çıxarmayıb? Axı, həmin vaxt məhz yağış sularından tunel dolmuşdu, vətəndaşların maşınları su altında qalmışdı, xoşbəxtlikdən adam ölməmişdi. Di gəl, 5 il sonra isə məlum olub ki, orada nə nasosxana, nə nasos, nə də onların işləməsi üçün transformator quraşdırılmayıb. Və ADYİ buna görə kefini belə pozmadan nə mediaya açıqlama verir, nə də hər hansı bir əsas gətirir.

İndi sual yaranır: Sabunçudakı tuneldə lazımi infrastrukturun olmaması səbəbində iki nəfərin boğularaq ölməsinə görə, kim məsuliyyət daşıyır? Tunelin tikintisini həyata keçirmiş və güman ki, ciddi yeyintilərə yol vermiş “Körpü Bina Tikinti” MMC ilə yanaşı, ADYİ niyə məsul tərəf kimi təqdim edilmir? Məsələnin bu tərəfi niyə araşdırılmır? Axı, həmin tunel birbaşa ADYİ-nin balansındadır. “Körpü Bina Tikinti” MMC tikintidə əliəyrilik edə bilər, lazımi işləri görməyə bilər və sairə. Bu prosesdə onların məsuliyyəti yetərli qədərdir. Amma ADYİ həmin işləri normativlərə əsasən təhvil almalı və bundan sonra istismara verməliydi. Bütün bunları etməyibsə, o zaman bu qurumun da MMC ilə şərikli hərəkət etdiyi, neqativ hallara göz yumduğu üçün şübhələrə kifayət qədər yer açılır. Əks təqdirdə, 5 il ərzində bilinən, mediada yayınlanan problemlə bağlı bu müddət ərzində tədbir görülməməsinə nə ad vermək olar?

Hər halda bu suallara ADYİ-nin cavab verəcəyinə ümid etməsək də, Baş Prokurorluğun iki nəfərin ölümü ilə bağlı qaldırdığı cinayət işində aydınlıq gətirəcəyinə şübhə etmirik.

2019-cu ilin sentyabrında baş vermiş analoji hadisənin videosunu aşağıdakı linkdən izləyə bilərsiz:

 

 

16:26 - 24 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin