Bakının Qaradağ rayonunda 2004-cü il təvəllüdlü Nihad şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı dostu Malikə xəsarət yetirib.
Asayis.Az-ın məlumatına görə, hadisə ötən ilin aprelin 5-də baş verib. Nihad həmin gün Malik ilə görüşüb və münasibətlərinin pozulmasına aydınlıq gətirmələrini təklif edib.
Amma Malik onunla söhbət etməkdən imtina etdib. Bunu bəhanə edən Nihad heç bir əsaslı səbəb olmadan yolda dayanmış Malikin üzərinə qəflətən hücum edib və bıçaqla bir dəfə zərbə vurub.
Hadisəni törədən Nihadın barəsində Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nihad ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, 2022-ci ilin iyul ayının 19-da qəsdən sağlamlığa ağır zərərvurma cinayəti törətdiyinə görə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 2 il şərti sınaq müddəti təyin edilməklə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib: “Zərərçəkmiş Maliki təxminən 5-6 il olar ki, tanıyıram. Lakin son 1 ildə aramızda dostluq münasibətləri yaranmışdı. 2023-cü il mart ayının ortalarından etibarən Maliklə münasibətlərim soyudu. O vaxtdan sonra görüşmədik”.
Təqsirləndirilən şəxs qeyd edib ki, 5 aprel 2023-cü ildə saat təxminən 19:30-da yaşadığı evdə ailə üzvləri ilə axşam yeməyini yedikdən sonra Malik “Whatsapp”da zəng edib və nə etdiyini, harada olduğunu soruşub: “Mən Malikə evdə olduğumu dedim. Malik həmin vaxt ünvanıma nalayiq sözlər işlətdi. Guya mənim yanımda Malikin arxasınca danışıldığını, mənim bu söhbətə reaksiya vermədiyimi deyərək yenə məni təhqir etdi. Malikə dost olduğumuzu, əgər yanımda elə bir söz deyilsə, dərhal cavab verəcəyimi bildirdim. Bundan sonra Malik mənimlə görüşəcəyini dedi. Mən də “görüşüb dərdləşərik” deyə bildirdim. Malik mənə dərdləşmək üçün yox, amma görüşəcəyini bildirərək məni təhqir etdi. Bu məqsədlə Malikdən harada olduğunu soruşdum. Malik “Dəniz Plaza” restoranının yanında olduğunu dedi. Orda gözləməsini, həmin yerə gələcəyimi dedim. Malik görüşə gəlməyənin, yəni mənim ünvanıma yenə nalayiq ifadələr işlətdi. Malikin bu sözlərindən əsəbləşərək onu bıçaqlamaq qərarına gəldim. Mən evdən çıxarkən Maliki vurmaq məqsədilə “Sədərək” ticarət mərkəzindən aldığım suvenir kimi istifadə olunan bıçağı götürərək şalvarımın belinə qoydum. Yolda olarkən Malik zəng vuraraq harada qaldığımı soruşdu. Mən yolda olduğumu bildirərək qəbiristanlığa getməyi, orada görüşməyi istədim. Malik yenə nalayiq ifadələri işlədərək “Katv” deyilən yerin yanında məni gözlədiyini bildirdi. Malikə gülərək həmin yerdə kameraların olduğunu bilərək məni tutdurmaq istəyib-istəmədiyini soruşdum. Malik yenə təhqiredici ifadələr işlətdi. Mən təzə “Kingsmart” mağazasının yanında olan “Katv” deyilən yerin yanına çatdıqda, ara küçədən çıxaraq Maliki ucadan səslədim. Sonra Malikə tərəf qaçaraq özüm ilə götürdüyüm bıçaqla onu vurmaq istədim. Bir neçə dəfə bıçaq atsam da, Malikə dəymədi”.
Nihad qeyd edib ki, daha sonra Malik yaxınlıqda olan mağazaların qarşısı ilə qaçıb: “Mən də arxası ilə qaçdım. Malik orada olan adını bilmədiyim qadın salonun qarşısında ayağı səkiyə ilişdiyi üçün yerə yıxıldı. Mən Maliki yerdə olarkən vurmaq istəsəm də, vura bilmədim. Daha sonra biz əlbəyaxa olduq. Maliki orada olan maşına dirədim. Bundan sonra yaxınlıqda olan şəxslər bizi aralamaq istədi. Mən Maliklə yerə yıxıldım. Malik mənim üstümə yıxıldı. Həmin vaxt əlimdə tutduğum bıçaq bel nahiyəmə dəydiyi üçün həmin yerdən xəsarət aldım. Bundan başqa əlbəyaxa zamanı ayağım da əzildi. Yerdən duran zaman əlimdə olan bıçaqla Malikin sinəsinin sağ tərəfinə vurdum. Bıçaqla Malikin sinəsinə vurduqda, Malik mənə bıçağı çıxarmamağımı dedi. Lakin mən bıçağı çıxardanda bıçağın dəstəyi qırılaraq əlimdə qaldı, tiyəsi isə orada yerə düşdü. Bundan sonra qaçaraq yaxınlıqda olan ara küçəyə girdim və bıçağın dəstəyini ora tulladım. Daha sonra “Cırtdan” parkının arxasına gedərək taksi sifariş verdim və Bakı şəhərinə getdim. Həmin vaxtdan telefonumu söndürdüm. Bir neçə gün gəzdikdən və gündəlik evlərdə qaldıqdan sonra bel nahiyəmdə olan yaram sağaldım. Sonra yaşadığım evə qayıtdım. Valideynlərimə etdiyim əməl barəsində məlumat verdim”.
Nihadın ifadəsinə görə, Malik onun haqqında nalayiq sözlər danışdığı və ünvanına təhqirlər işlətdiyi üçün onu bıçaqla vurub, yerini bildirmək istəyib: “Lakin Maliki öldürmək məqsədim olmayıb. Mən ara küçədən çıxıb Maliki ucadan səsləyərək ona tərəf qaçdım. Bir neçə dəfə bıçaqla vurmaq istədim. Lakin həmin vaxt bıçaq Malikə dəymədi. Əynində olan gödəkçəsinə dəydi. Bundan sonra Malikin arxasında qaçanda, sonuncu yerə yıxılan zaman da Maliki qorxutmaq üçün bıçağı bir neçə dəfə o tərəf-bu tərəfə atdım. Biz ayağa duraraq əlbəyaxa olan zaman yenidən yerə yıxıldım. Malik üstümə düşdü. Həmin vaxt qalxan zaman əlimdə tutduğu bıçaqla bir dəfə Malikin sinəsinin sağ tərəfinə vurdum. Həmin vaxt bizi ayıran şəxslərdən heç kimi tanımamışam. Maliki vurduqdan sonra yenə də vurmaq imkanım olub. Lakin fikrim Maliki öldürmək yox, işlətdiyi sözlərə görə yerini bildirmək olduğuna görə daha zərbə vurmamışam və oradan uzaqlaşmışam. Malik ünvanıma nalayiq ifadələr və söyüşlər işlətdiyi üçün sadəcə olaraq Maliki vuraraq başa salmaq istəmişəm. Maliki öldürmək niyyətim olmayıb. Mən hadisədən sonra telefonumun tamamilə yaddaşını yeniləyərək ailə üzvlərimə vermişəm. Ona görə yazışmaları təqdim edə bilməmişəm”.
İş üzrə zərərçəkmiş Malikin sözlərinə görə, Nihadi 2 ildən artıq müddətdə tanıyır, aralarında dostluq münasibəti olub: “Lakin 2023-cü mart ayının ortalarından münasibətlərimiz soyudu. Aprelin 4-də Nihad zəng edərək “görüşüb dərdləşmək” istədiyini dedi. Sonra aprelin 5-də yenə də zəng vuraraq görüşmək istədiyini bildirdi. Nihadla bölüşəcək heç bir dərdim olmadığını desəm də, Nihad yenə də görüşmək üçün harada olduğumu soruşdu. Mən təzə evlər deyilən yerdə olduğumu söylədim. Daha sonra Nihad yenidən zəng vuranda, “Katv” deyilən yerin yanında olduğumu və gözlədiyimi dedim. Orada olan köşkün qabağında gözləyərkən qəfildən qışqırıq səsi eşitdim. Kiminsə mənə hücum etdiyini hiss etdim. Üzümü çevirmək istəyəndə, həmin şəxsin məni vurmaq istədiyini görərək qaçmağa başladım. Təxminən 10-15 metr qaçdıqdan sonra orada olan qadın salonunun qarşısında ayağım səkiyə ilişdiyindən yıxıldım. Ayaqqabımın biri ayağımdan çıxdı. Həmin zaman hücum edən və məni vuran şəxsin Nihad olduğunu bildim. Sonra orada olan şəxslər bizi aralamağa gəldi. Nihad məni yerdən qaldıraraq orada dayanmış maşına söykədi. Həmin vaxt əlbəyaxa olduq. Nihadın məni bıçaqla vurduğunu hiss etdim. Daha sonra bıçağın tiyəsi qırıldı və Nihad oradan qaçaraq getdi. Bundan sonra dostum Təbrizin köməkliyi ilə köşkün arxasında dayanmış bir maşına mindim və təcili yardım stansiyasına gəldik. Orada sinəmin sağ tərəfində bıçaq yarası olduğunu bildirdilər. İlkin yardım göstərildikdən sonra məni “Semaşko” xəstəxanasına apardılar və həmin xəstəxanada əməliyyat olundum”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Nihad 8 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilib. Müdafiəçi təqsirləndirilən şəxsin barəsində daha aşağı həddə cəza təyin edilməsini xahiş edib.
Təqsirləndirilən şəxsin müdafiəçisinin şikayəti araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndəriib. Apellyasiya şikayətinin dəlillərini araşdıran hakimlər heyəti sonda qərar elan edib. Qərara görə, şikayət təmin edilməyib.
Qeyd edək ki, Nihad bundan əvvəl 2022-ci ildə də mühakimə olunub. O, həmin dövrdə Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib.
Həmin ittihamdan görünür ki, Nihad həmin dörvdə cinayət törədərkən yetkinlik yaşına çatmayıb. O, 30 dekabr 2021-ci ildə, saat 21 radələrində Qaradağ rayonu Lökbatan qəsəbəsində “Xəyal” restoranının arxasında yerləşən avto təmir sexinin qarşısında şəxsi münasibətlər zəminində üzərində olan çapacaqla tanışı Elnurun döş qəfəsindən bir dəfə zərbə vurub.
Nihad həmin cinayət işi üzrə məhkəmədə verdiyi ifadəsində göstərib ki, zərərçəkmiş Elnuru Lökbatan qəsəbəsinin sakini kimi tanıyıb, lakin münasibətləri olmayıb: “Mən 106 saylı orta məktəbin 9-cu sinfini bitirdikdən sonra Lökbatan qəsəbəsində yerləşən 7 saylı peşə məktəbinə daxil olmuşam. Hadisə günü, saat 19 radələrində yeni il qabağı şənlik keçirmək üçün tanışım Fəridlə Lökbatan qəsəbəsində yerləşən “Xəyal” kafesinə getdik. Orada yemək sifariş verdik. Lakin spirtli içkilər qəbul etmədik. Restoranda digər qonşu stolda Elnur dostları ilə oturaraq tortla çay və pivə içərək meyxanaya qulaq asırdılar. Mən Fəridlə kafedə ət yeməyi sifariş verdiyimizdən əti doğramaq üçün orada işləyən yaşlı ofisiantdan bıçaq gətirməsini istədim. Ofisiant əti doğramaq üçün 1 ədəd böyük bıçaq gətirərək digər bıçaqları ilə çiy ət doğradıqlarına görə bu bıçağı verdiyini bildirdi. Fəridlə arada meyxana deyənlərin sözlərinə qüvvət verərək meyxanaçının ifa etdiyi mahnının sözlərini ucadan səsləndirirdik. Lakin bu hərəkətim qonşu masada əyləşən Elnurun xoşuna gəlmədi. Elnur mənə irad tutaraq sakit oturmağımı dedi. Lakin Elnura heç bir cavab vermədim. Həmin vaxt telefonuma zəng gəldiyi üçün kafedən çölə zəngə cavab vermək üçün çıxdım. Çölə çıxanda fikirləşdim ki, mənimlə mübahisə edən Elnurda çölə çıxacaq. Elnur məndən yaşca və bədəncə böyük olduğundan ofisantın ət doğramaq üçün stola gətirdiyi bıçağı götürdüm, şalvarımın kəmər hissəsinə qoydum. Çöldə mobil telefonla danışan zaman Elnurda arxamca gələrək mənə yaxınlaşaraq söymüş söydü, yaxamdan yapışmaq istədi. Mən mobil telefonu söndürərək Elnurla dava etməmək üçün kafenin arxa tərəfinə keçdim. Elnurda məndən əl çəkməyərək məni söyüb təhqir edərək arxam ilə gəldi ki, məni döysün. Elnurdan nə üçün məni vurmaq istədiyini soruşdum. Mən “sən nə üçün restoranda zalda meyxana deyənlərin sözlərinə müdaxilə edərək meyxananı kəsirsən və ucadan danışaraq onları narahat edirsən” sözlərini dedi. Mən isə Elnura izah etməyə çalışdım ki, ola bilsin anlaşılmamazlıq olub, səhər Elnur ayıldıqdan sonra oturub çay içib söhbət edərik. Elnur əsəbi halda üzərimə gələ-gələ dedi ki, sən kimsən, mən səninlə otutub çay içim. Bu sözdən sonra Elnur yenə də məni nalayiq küçə söyüşləri ilə söyüb təhqir etdi. Sonra məni vurmaq istəyəndə Elnurun əlini tutaraq kənara itələdim. Lakin Elnur yenə də üzərimə gəldi və yumruğu ilə sifət nahiyyəmdən vurmaq istədi. Elnura gücümün çatmayacağını anlayaraq özümü müdafiə etmək üçün restoranda stolun üzərindən götürürərək şalvarımın kəmər hissəsinə keçirtdiyim bıçağı çıxardım və Elnurun qarın nahiyyəsindən bir dəfə vurdum. Sonra oradan uzaqlaşaraq kafeyə qayıtdım. Dostum Fəridə atamın özünü pis hiss etdiyini bildirərək Fəridlə birlikdə kafedən çıxdım, evimə getdim. Fəridə hadisə barədə heç nə bildirmədim. Kafedən çıxanda Elnuru görməmişəm. Elnur qarajların yanında kafedən çıxan zaman görünməyən ərazidə olub. Evdə bıçağın üzərində olan qanı yuyaraq öz otağımda gizlətdin. Həmin bıçağı saxlanıldığım zaman polis əməkdaşlarına təqdim etdim”.
Qeyd edək ki, Nihad son üç ildə iki dəfə qanlı cinayət törədib. İlk dəfə məhkum olunan zaman onun yhetkinlik yaşına çatmaması nəzərə alınıb, ona şərti cəza verilib. Amma o,şərti cəzasını başa vurmamış yenə də eyni cinayətə əl atıb. Buna görə də məhkəmə ikinci dəfə hökm çıxaran zaman əvvəlki cəzasını hazırkı cəzası ilə birləşdirib, ona qəti olaraq 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Demokrat.az