Son illər paytaxtın daşınmaz əmlak bazarında intensiv qiymət artımı hamıya məlumdur. Xüsusən, mərkəz və mərkəzəyaxın ərazilərdə mənzil və villaların dəyəri milyon manatlarla ölçülür. Satış saytlarında çoxlu sayıda belə elana rast gəlmək olar.
“Yeni Sabah”ın araşdırmasına görə, hazırda ölkənin daşınmaz əmlak satışı üzrə fəaliyyət göstərən saytlarında ən yüksək qiymətə təklif olunan mənzil 5 milyon 100 min manatdır.
Sözügedən mənzil bulvara yaxın, Bakının ən elit binası hesab olunan “HİLTON BAKU APARTMENT”də yerləşir. Ultra-bahalı əmlakın sahəsi 300 kvadratmetr, otaq sayı isə 5-dir.
O, tam təmirlidir, 22 mərtəbəli binanın 14-cü mərtəbəsindədir. Müşahidələrimiz onu göstərir ki, bu tip bahalı evlərə tələb xeyli yüksəkdir.
Bu seqmentdə olan daşınmaz əmlakların satışı ilə məşğul olan realtorlar deyir ki, ən çox tələbat elə bu mənzillərədir. Onların sözlərinə görə, elə evlərin xüsusi alıcı kütləsi var.