Salyanda qayınata kürəkənini qətlə yetirdi - TƏFƏRRÜAT

 Salyanda qayınata kürəkənini qətlə yetirdi - TƏFƏRRÜAT

Salyan rayonunda 1952-ci il təvəllüdlü Mahir qızının həyat yoldaşı olmuş 1985-ci il təvəllüdlü Fəridi (adlar şərti göstərilib – red.) qətlə yetirib. 

Asayis.Az-ın məlumatına  görə, qətl hadisəsi 25 aprel 2022-ci ildə Salyan rayonunun kəndində baş verib. Mahir Salyan Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli qətnaməsi ilə qızından boşanan keçmiş kürəkəni Fəridlə həmin gün saat 23.00-da mübahisə edib. Aralarında yaranan mübahisə zamanı Mahir qızının keçmiş əri Fəridi bıçaqlayaraq öldürüb. 

Hadisəni törədən Mahirin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mahir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, mərhum Fərid keçmiş kürəkəni olub: “Qızım İradə ilə Fərid 2011-ci ildə evlənib və onların bu evlilikdən iki azyaşlı uşaqları var. Əvvəllər Fəridlə münasibətlərimiz yaxşı olub. Lakin qızım İradə Fəriddən ayrılandan sonra münasibətlərimiz pisləşdi. Fərid qızım ilə evləndikdən bir müddət sonra bizə məlum oldu ki, Fərid narkotik və spirtli içkiyə meyilli şəxsdir. Evli olduqları müddətdə Fərid İradəni tez-tez döyərək incidib”.

Təqsirləndirilən şəxs qeyd edib ki, sonuncu dəfə 2021-ci ilin iyul ayında qızı İradə döyulməsi ilə bağlı Salyan Rayon Polis Şöbəsinə şikayət edib: “Daha sonra Salyan Rayon Məhkəməsinin qərarı ilə Fərid bir ay müddətə inzibati qaydada həbs edildi. Bundan sonra qızım İradə boşanması üçün Salyan Rayon Məhkəməsinə ərizə verdi və məhkəmənin qərarı ilə qızım əri Fəriddən boşandı. Boşandıqdan sonra məhkəmə Fəridə ay ərzində 1 dəfə uşaqları ilə görüşməyə icazə versə də, Fərid tez-tez, həm də sərxoş vəziyyətdə evimizə gəlib, sonra da evimdən getmək istəməyib. O, bu hərəkətləri ilə özümü, arvadımı və qızımı incidib. Bizi hər dəfə öldürməklə hədələyib. İradədən onunla barışmasını tələb edib”. 

Mahirin ifadəsinə görə, 25 aprel 2022-ci ildə, saat 20 radələrində arvadı, qızı 2 azyaşlı uşağı ilə birlikdə mərhum qardaşının yas ilə bağlı onlara gedib: “Özüm xəstə olduğum üçün gedə bilmədim. Evdə tək qaldım. Həmin gün saat 23 radələrində evdə oturub televizora baxarkən səs eşitdim və həyətə çıxdım. Həyətdə dayanmış Fəridi sərxoş və üst-başı palçıqlı vəziyyətdə gördüm. Ona yaxınlaşaraq “utanmırsan sən yenə gəlmisən bura” dedim. Fərid isə qışqıraraq arvad-uşağını aparacağını bildirdi. Sonra Fəridə getməsini bildirdim. Evimə keçmək istəyəndə Fərid əli ilə yüngülcə məni itələyə-itələyə evə saldi. Bildirdi ki, gir içəri, səninlə söhbət edəcəm. Evə girəndən sonra biz evin girişindəki divanda oturduq. Fəridə dəfələrlə xəstə olduğumu, ürəyimin ağrıdığını deyərək getməsini xahiş etdim. Fərid isə təkidlə arvad-uşağını aparacağını deyərək əks təqdirdə bizi öldürəcəyi hədələdi. Həmin vaxt Fəriddən spirtli içki iyi gəldi. Sərxoş olduğu üçün Fərid ayaqüstə güclə dayanırdı. Danışarkən dili topuq vurdu. Sonra əlim ilə Fəridin qolundan tutaraq getməsini dedim. Fərid mənim qolumu tutaraq aşağı dartdı, təkrarən İradəni və uşaqlarını evinə aparacağını, İradə ilə yenidən ailə qurmaq istədiyini dedi. Əks halda mənim və ailəmin başına oyun açacağı ilə hədələdi. Mənim və ailəmin ünvanına nalayiq ifadələr işlətdi. Fəridin hərəkətlərinə əsəbiləşdim. Həm də qızım İradə Fəridlə təkrarən ailə qurmayacağını və barışmayacağını bildirdim. Fəridə onun istədiklərinin mümkün olmayacağını dedim. Bizi narahat etməməsini, getməsini tələb etdim. Ona dəfələrlə yalvararaq xahiş etməyimə baxmayaraq Fərid dediklərimə əməl etmədi, evimdən getmədi. Əksinə mənə “arvadın polislərdə gəzir, bütün günü barəmdə şikayət etməklə məşğuldu” dedi. Onun bu sözündən bərk əsəbiləşərək onu öldürmək qərarına gəldim. Otaqda divandan bir az aralıda olan stolun üstündən mətbəx bıçağını götürərək divanda oturmuş vəziyyətdə olan Fəridin sinə və qarın nahiyəsinə bir neçə dəfə dalbadal bıçaqla vurdum. Fəridin tez ölməsi üçün ona bir neçə bıçaq zərbəsi vurdum. Bıçaqla vurarkən Fəridin mənə qarşı müqavimət göstərmək imkanı olmayıb. Bıçağı götürdükdən dərhal sonra Fəridi biçaqla vurmuşam və Fərid divanın üzərindən döşəməyə yıxıldı. Fəridin öldüyünə əmin olandan sonra həyətə çıxdım. Özümə gəlmək üçün çöldə, həyətdə oturdum. Sonra mobil telefonla arvadım Nəcibəyə zəng etdim, Fəridi öldürdüyümü dedim. Bundan sonra Nəcibə, İradə, nəvələrim xatırlamadığım qohum və qonşular evə gəldilər. Daha sonra polisə təslim olması üçün kəndin polis sahə rəisinə zəng edərək çağırmasını qohumum Əlidən xahiş etdim. Əli də telefonu ilə sahə rəisinə zəng etdi. Telefonu Əlidən alaraq alaraq sahə rəisinə Fəridi evimdə öldürdüyümü bildirdim. Bir neçə dəqiqədən sonra polis əməkdaşı olan sahə rəisi həyətimə gəldi. Mən əlimdəki bıçağı ona təhvil verdim. Sonra polis və prokurorluğun əməkdaşları gəldi. Hadisə yeri müayinə olundu. Bundan sonra Fəridi öldürdüyümə görə tutuldum”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə 25 aprel 2022-ci ildə, gecə saat 23 radələrində olub: “Həmin vaxt ailə üzvlərim evdə olmayıb. Özüm evdə tək olmuşam və Fərid də mənim yaşadığım evə tək gəlib. Keçmiş kürəkənim Fərid hadisədən əvvəl də dəfələrlə evimə gələrək mənə, qızıma və ailəmin ünvanına nalayiq ifadələr işlədərək təhqir etdib. Həm də qızım İradənin Fərid narahat edərək incidib. Mənim Fəridi öldürmək və ya xəsarət yetirmək fikrim olmayıb. Lakin sonuncu dəfə Fərid sərxoş vəziyyətdə evimə gələrək təkrar-təkrar məni və ailəmi söyüb təhqir etməsindən bərk əsəbiləşdiyim üçün onu öldürmək məqsədilə bıçaqla vurmuşam. Hadisə zamanı əsəbi olduğumdan Fəridə neçə bıçaq zərbəsi vurduğumu, həmin zərbələrdən neçəsinin Fəridə dəydiyini xatırlamıram. Ancaq vurduğum bıçaq zərbələrinin heç biri boşa çıxmayıb. Axırıncı zərbəni vurandan sonra Fərid halsızlaşdığı üçün yerə yıxılaraq öldüyündən növbəti zərbələri vurmamışam. Hazırda da Fəridin mənə və ailə üzvlərimə qarşı etdiyi təhqiramiz hərəkətlər yadıma düşəndə onu öldürməyimə görə əməlimdən peşman deyiləm”.

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Mahir 10 il müddətinə azadlıqdan məhrum edilib. 
 

09:58 - 23 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin