Yüzminlərlə sərnişini köhnə kabellərin ümidinə buraxan idarə rəisi - ADY sədri baş verənlərdən xəbərdardır

 Yüzminlərlə sərnişini köhnə kabellərin ümidinə buraxan idarə rəisi - ADY sədri baş verənlərdən xəbərdardır

"Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyəti barəsində diqqəti çəkən iddialar gündəmə gəlib.  

Demokrat.az-a daxil olan şikayət məktubunda bəzi məqamlar əksini tapıb.

Məktubda qeyd olunur ki, ADY-nin İnfrastruktur Departamentinin 1 nömrəli H.Z.Tağıyev işarəvermə və rabitə sahəsinin rəisi Elxan İsmayılov 2 il öncə rəis təyin olunandan bəri sahədə kütləvi ixtisarlar və özbaşınalıqlar baş verir. E.İsmayılovun öz vəzifəsindən sui-istifadə edərək kollektiv arasında dövlətə, dövlət qurumlarına olan etibarı, inamı sarsıtdığı bildirilir: 

“Elxan İsmayılov qanunun alililiyinə hörmət etmir.  Deyir ki, onun arxasında Qəzənfər Abdulazimov dayanıb (işarəvermə və rabitə xidmətinin rəisi). Eləcə də bu haqda qurumun sədri Rövşən Rüstəmovun və departamentin sədri Elçin Zülfüqarovun da xəbəri var, lakin E.İsmayılova qarşı tədbir görülmür”.

İddialara görə E.İsmayılovun işə qəbul imtahanında iştirak etməyən və dəmir yolu sahəsində qeyri-peşəkar olan tanışları idarədə yüksək vəzifələrə təyin olunublar:

“Hal-hazırda dəmir yollarında yenidənqurma işləri gedir. E.İsmayılovun tapşırığı ilə köhnə polietilen kabellərin dəmir üzlükləri təmizlənərək , təzə kabellərin əvəzinə istifadə olunur. Köhnə qurğular yeni kimi təqdim olunur”.

Məsələ ilə bağlı ADY QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinə sorğu ünvanladıq. Şöbə  müdiri Sənubər Nəzərova sorğumuza cavab olaraq şikayət məktubunda səsləndirilən iddiaların tam əsassız və böhtan xarakterli olduğunu bildirdi: 

“Qeyd edilmiş iddialarla bağlı qarşı tərəfin əlində hər hansı sübut varsa, həmin faktların şəffaf qaydada araşdırılması üçün ADY və hüquq mühafizə orqanlarına təqdim edə bilər”, - deyə S.Nəzərova qeyd etdi.
 

17:28 - 21 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin