Xırdalanda sərxoş kişi arvadına xəsarət yetirdi - TƏFƏRRÜAT

 Xırdalanda sərxoş kişi arvadına xəsarət yetirdi - TƏFƏRRÜAT

Abşeron rayonunda 1992-ci il təvəllüdlü Cabbar şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı Zahidəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Asayis.Az-ın məlumatına görə, hadisə bu ilin iyulun 22-də Abşeron rayonunun Xırdalan şəhərində baş verib. Cabbar həmin gün, gecə saat 22 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı Xırdalan şəhərində yerləşən fərdi yaşayış evinə alkoqol sərxoşluğu vəziyyətində gələrkən həmin evdə qeyri-rəsmi ər-arvad münasibətində olduğu Zahidənin ona növbəti dəfə evə sərxoş vəziyyətdə gəlməsinə görə irad bildirməsindən əsəbiləşib. 

Bununla bağlı ailə daxili münasibətlər zəminində aralarında yaranmış narazılıq üstündə mübahisə edərkən həmin mübahisə əsnasında Zahidəni üzərinə hücum edib, əl, yumruq zərbələri ilə onun sifət, baş, bel, qol və bədəninin müxtəlif nahiyələrinə, habelə təpiklə hər iki ayaq nahiyələrinə zərbələr vurub. 

Hadisəni törədən Cabbarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cabbar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Zahidə ilə birlikdə ər-arvad münasibətlərində yaşayır: “Zahidədən əvvəl mənim Dilşad ilə ilk evliliyim olub. Həmin nigahdan iki azyaşlı övladım var. 2021-ci ildə Beyləqan Rayon Məhkəməsinin qərarı ilə Dilşaddan boşandım Həmin vaxtdan övladlarım anası Dilşad ilə birlikdə qalır”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, əvvəllər ikinci həyat yoldaşı Zahidə ilə münasibətləri yaxşı olsa da, son vaxtlar onun spirtli içkiyə aludə olmasına və evə gec gəlməsinə görə aralarında mübahisələri yaranır: “İyulun 23-də, gecə saat 22 radələrində spirtli içki qəbul edərək evə gəldikdən sonra arvadım Zahidə mənə sözlə irad bildirdi. Bu səbəbdən aramızda mübahisələrimiz yarandı. Mübahisə zamanı əsəbiləşərək Zahidənin üzərinə gedərək yumruqla sifətinə, başına və bədəninin müxtəlif nahiyələrinə, təpiklə isə ayaq nahiyələrinə zərbələr vuraraq onu döydüm. Baş vermiş mübahisənin 3-5 dəqiqə davam etdi. Həmin vaxt evdə kənar şəxs olmayıb. Mübahisəmizi kənar şəxs görməyib”. 
İş üzrə zərərçəkmiş qismində ifadə verən Zahidənin sözlərinə görə, əri Cabbar mütəmadi olaraq spirtli içki qəbul edir: “Əvvəllər Cabbarla münasibətlərimiz yaxşı olsa da, son vaxtlar onun mütəmadi olaraq spirtli içki qəbul etməsi üstündə aralarında mübahisələri baş verir. İyulun 23-də, gecə saat 22 radələrində Cabbar yenə də spirti içki qəbul edərək evə gəldiyi üçün sözlə ona iradımı bildirdim. Bu səbəbdən aramızda mübahisə yarandı. Mübahisə zamanı Cabbar üzərimə gələrək yumruqla sifət, baş, qol, bel və bədənimin müxtəlif nahiyələrinə vurdu. Sonra isə təpiklə hər iki ayaq nahiyəmə vuraraq məni döydü. Bundan sonra Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək məlumat verdim. Daha sonra isə Abşeron Rayon Polis İdarəsinə gələrək hadisə barədə şikayət ərizəsi yazdım”.

Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Cabbar 1000 manat məbləğində cərimə olunub. 
Demokrat.az

12:57 - 18 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin