“Anamın söyülməsini qəbul etmədim” - Dostunu bıçaqlayan yeniyetmə danışdı

 “Anamın söyülməsini qəbul etmədim” - Dostunu bıçaqlayan yeniyetmə danışdı

Bakının Xətai rayonunda 2008-ci il təvəllüdlü Vüsal şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Nəbiyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Asayis.Az-ın məlumatına görə, hadisə bu ilin yanvarın 6-da Xətai rayonu, Babək prospekti 64 ünvanında yerləşən “Elit” kafesində baş verib. 

Vüsal kafenin salonunda olarkən Nəbinin ona qarşı xoş olmayan, yəni təhqiredici ifadələrlə müşayiət olunan zarafatına irad bildirib. Bu səbəbdən aralarında yaranmış mübahisədən sonra öz ünvanına həmin şəxslərlə bir daha oturmayacağı ilə bağlı nalayiq sözlər deyərək kafedən çıxaraq gedib. 

Daha sonra Vüsal yaşadığı evin mətbəxindən bıçaq götürüb və yenidən həmin yerə qayıdıb. O, Nəbinin qarın boşluğuna nüfuz edən bıçaq xəsarəti yetirib. 

Hadisəni törədən Vüsalın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüsal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, məşqdən gəldikdən sonra tanıdığı uşaqlara zəng edib və onlarla görüşüb: “Axşam saat 17:00-da Nəbi ilə görüşdüm. Nəbinin yanında mənim tanımadığım dostları olub. Sonra mən onlarla birlikdə kafedə oturdum. Nəbi və tanımadığım dostları mənimlə zarafat etməyə başladılar. Mən Nəbiyə və onun dostlarına zarafat etməmələri üçün irad bildirdim. Nəbigilin etdikləri zarafata görə əsəbiləşdim və Nəbi ilə birgə oturduğum masanı tərk edərək həmin masaya qayıtmayacağım barədə söyüş söydüm. Nəbigilin mənə ana söyüşü zarafat etməsini qəbul etmədim. Mənim anmı hicablı qadındır. Mən anama söyüş söyülməsini qəbul etmədim. Masanı tərk etdikdən sonra yaşadığım evə getdim və evdə mətbəx otağından mətbəx bıçağını götürərək belimə qoydum. Nəbi və dostlarının çox olduğundan, onların məni döyəcəklərindən qorxduğu və özümü müdafiə etmək üçün həmin bıçağı götürmüşdüm. Mənim ikinci dəfə Nəbi və onun dostlarının yanına getməkdə məqsədim Nəbiyə bir dəfə yumruq zərbəsi vurmaq istəməyim olub. Bununla da ürəyim sakitləşəcəkdi. Mən Nəbini bıçaqla vurmaq fikirində olmamışam”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra həmin kafeyə geri dönüb və Nəbinin oturduğu masanın arxasında əyləşib: “Nəbinin yenidən söyüş söyməsini gözlədim. Nəbi isə söyüş söyməkdə düzgün etdiyini bildirdi. Mən Nəbiyə bu hərəkəti etməyi dayandırmağı bildirdim. Həmçinin Nəbiyə onu vuracağımı dedim, mənimlə zarafat etməsini dayandırmasını istədim. Sonra Nəbiyə bir dəfə yumruq zərbəsi vurdum. Mən Nəbiyə yumruq zərbəsi vurduqdan sonra kafeni tərk etmək fikrində oldum. Bundan sonra kafeni tərk etdim. Mən Nəbini vurduqdan sonra “mən də bunu istəyirdim, indi çıxaq çölə” dedi. Mən də kafeni tərk etdim. Həmin vaxt arxamca Nəbi və tanımadığım Nəbinin dostu gəldi. Nəbi və onyn dostlarının üzərində bıçaq olacağını düşündüm. Həmin vaxt əsəbi olmuşam. Ona görə də özümdə olmamışam”. 

Vüsal bildirib ki, daha sonra Nəbini bıçaqla vurub: “Lakin Nəbini necə bıçaqla vurduğumu özü də bilmədim. Mən kamerada baş vermiş hadisəyə baxdıqda, təəccübləndim. Nəbinin ayağına bıçaqla zərbə vurduğumu düşündüm. Lakin mən Nəbinin qarın nahiyəsindən bir dəfə bıçaq zərbəsi vurmuşam. Sonra mən hadisə yerindən qaçaraq  getdim. Mən qaçan vaxt Nəbinin dostları arxamdan gəldilər. Mən həmin vaxt şokda olmuşam. Çünki birinci dəfə idi ki, bıçaqla zərbə vurmuşam.  Nəbinin dostları əlimdən vurdular, əlimdəki bıçaq yerə düşdü. Bundan sonra yaşadığım evə getdim. Qorxduğum üçün taksi çağırdım və gələn taksi ilə əmimgilə getdim. Nəbinin dostları məni vurduqları üçün oradan qaçmışam. Nəbinin dostları daş ilə başıma vurdular”. 

İş üzrə zərərçəkmiş qismində ifadə verən Nəbinin sözlərinə görə, hadisənin baş verdiyi kafedəki masanın arxasında oturduğu uşaqları əvvəlcədən tanıyıb: “Həmçinin mən Vüsalı da əvvəlcədən tanımışam. Vüsal ilə dostluq münasibətlərim olub. Mən kafedə oturduğum zaman söyüşlə zarafat etmədim. Vüsal oturduğumuz masadan birinci dəfə duraraq gedənə kimi onunla söyüşlə zarafat etməmişəm. Vüsal kafedə oturduğum masadan birinci dəfə gedənə kimi ümumiyyətlə onunla söhbət etmədim. Əksinə mən masa arxasında oturan digər tanışlarım ilə söhbət etdim. Masa arxasında oturduğum müddət ərzində heç kəslə, o cümlədən Vüsal ilə söyüşlü zarafat etməmişəm. Mənim Vüsala sözüm onun ikinci dəfə masaya qayıtdığı zaman olub. Vüsal birinci dəfə masanı tərk etdikdə, bizim oturduğumuz masaya qayıtmayacağı barədə söyüş söydü. Mən Vüsal ilə birinci dəfə masa arxasında oturduğum zaman zarafat etmədim. Həmçinin masadakı digər şəxslərin də Vüsalla zarafat etdiyinin şahidi olmamışam. Biz həmin vaxt yemək yemişik. Masa arxasında hansısa məsələ ilə bağlı söz-söhbət və ya zarafat olmayıb”. 

Nəbi qeyd edib ki, Vüsal oturduqları masaya ikinci dəfə qayıdan zaman bir kəlmə söz deyib: “Həmin söz “niyə söyüş söyüb yenidən oturduğumuz masaya qayıdırsan?”-dan ibarət olub. Masa arxasında ana söyüşü söyülməmişəm. Vüsal birinci dəfə oturduğumuz masanı tərk edib, ikinci dəfə oturduğumuz masaya qayıtması təxminən 10 dəqiqə çəkdi. Vüsal ikinci dəfə masaya qayıtdıqdan sonra onun masaya yenidən qayıtması ilə bağlı münasibət bildirdim. Həmçinin Vüsal ikinci dəfə masaya qayıtdıqdan sonra mənə qarşı nalayiq ifadələr işlətdi. Mənə “sənin ağzını cıraram” dedi. Həmin nalayiq ifadəni qəbul etmədiyim üçün onu söydüm. Ancaq mənim söydüyüm söyüş ana söyüşü olmayıb. Vüsalın ona ana söyüşü söydüyümü bildirməsi doğru deyil. Mənim Vüsalı  söyüş söyməkdə məqsədim onun məni vurmasını istəməsi ilə əlaqədar olmayıb. Mən Vüsala söyüş söyərək “bundan sonra məni vurmayan ...” demişəm. Çünki həqiqəti dediyimə görə Vüsal mənə qarşı etdiyi hərəkətləri qəbul etməmişəm. Hazırda onunla barışmışam. Ona qarşı heç bir şikayətim yoxdur”. 

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hölmü ilə Vüsal 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməsi müəyyən edilib. 
Demokrat.az

16:21 - 16 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin