Yasamalda mağazada satıcı ilə müştəri arasında dava - TƏFƏRRÜAT

 Yasamalda mağazada satıcı ilə müştəri arasında dava - TƏFƏRRÜAT

Bakının Yasamal rayonunda 1993-cü il təvəllüdlü Sabir şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı mağazada satıcı işləyən Mikayla xəsarət yetirib. 

Asayis.Az-ın məlumatına görə, hadisə 14 iyul 2022-ci ildə saat 11 radələrində baş verib. Sabir satıcı işlədiyi meyvə-tərəvəz mağazasında işdə olarkən müştəri qismində gəlmiş Mikayılın ondan piştaxtaya düzülmüş müxtəlif çeşiddə olan meyvələrin qiymətlərini öyrəndikdən sonra qiymətlərin baha olmasını bildirib, ucuz qiymətə satıb-satmayacağını soruşub. 

Sabir isə Mikayıla “nə problem yaradırsan, endirimlə mən məşğul olmuram, sənə xidmət etməyəcəm” kimi sözlər deyərək heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə mübahisə yaradıb. O, Mikayılı nalayiq ifadələrlə təhqir edib, baş və yumruq zərbəsi ilə onun sifət nahiyyəsindən vurub. Mikayıl aldığı zərbələrdən çoxsaylı bədən xəsarətləri alıb. 

Hadisəni törədən Sabirin barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, iyulun 14-də, saat 11 radələrində Mikayıl meyvə almaq üçün onun işlədiyi meyvə-tərəvəz mağazasına gəlib və meyvələrin qiymətlərini soruşub: “Mən qiymətləri deyəndən sonra Mikayıl qiymətlərin bahalığından narazılıq etdim. Qiymətləri özümün təyin etmədiyimi, müdirin qohumum olan digər satıcı Ceyhunu göstərərək onunla razılaşa biləcəyini bildirdim. Mikayıl narazılıq edərək əli ilə məni çağırdı və aqressiv danışmağa başladı. Mən dəfələrlə Mikayılı sakitləşdirsəm də, sonuncu əl-qol hərəkətləri ilə danışmağa başlayıb nalayiq sözlər işlətdi. Mikayıl yaxınlaşaraq məni vurmaq istədikdə özümü müdafiə etmək üçün kəllə ilə yaxın məsafədən yüngül formada Mikayılın burun nahiyəsinə zərbə vurdum. Həmin vaxt Mikayılın burun və üz nahiyyəsində heç bir qaraltı olmayıb. Sonra həmin yerə polislər gəldi və Mikayıl da öz avtomobilinə əyləşərək oradan getdi. Dəfələrlə Mikayıla barışıq üçün müraciət etsəm də, sonuncu barışığa gəlməyib”. 

İş üzrə zərərçəkmiş qismində ifadə verən Mikayılın sözlərinə görə, iyulun 14-də, saat 11 radələrində meyvə almaq üçün meyvə-tərəvəz mağazasına gedib: “Əvvəllər həmin mağazadan meyvə aldım. Amma Sabiri orada görmədim. Sabirə yaxınlaşaraq meyvə almaq üçün qiymətləri soruşdum. Sabir bütün meyvələrin qiymətlərini dedikdən sonra başqa müştəri ilə danışmağa başladı. Sabir həmin vaxt başqa adını bilmədiyim satıcıya məni göstərərək kinayəli şəkildə “get gör o, nə istəyir” dedi. Mən də həmin satıcıya “Sabirlə qiymətləri danışmışam, səninlə danışmağıma ehtiyac yoxdu” deyə bildirdim. Həmin bu söhbətləri də Sabir eşitdi və mənə yaxınlaşaraq kinayəli şəkildə “nə istəyirsən, nə problem yaradırsan” dedi. Mən də “mən səninlə alver etməyə gəlmişəm, mübahisə etmək etmək fikrim yoxdu və bir müştərini yola sal, sonra ikinci müştəriyə keç” deyə bildirdim. Sabir də “qiymətləri aşağı salmağa mən baxmıram, bu satıcı bilir” dedi. Həmin vaxtb tanımadığım başqa şəxs gələrək, “burda nə problem var və nə istiyirsən” deyə bildirdi. Mən də bildirdim ki, alver etməyə gəlmişəm, siz üç nəfərsiz, hansınızla danışım. Bu vaxt Sabir mənimlə qışqıra-qışqıra danışmağa başladı. Mən də Sabirə “səsivi get evində çıxart, mənim də səsim səndən çox çıxar” dedim. Həmin vaxt orada olan şəxslərdən biri “sən nə problem yaradırsan, çıx get” dedi. Mənə ətraflarına alaraq hərəsi bir söz danışmağa başlaılar. Həmin vaxt Sabir qəfildən başımdan tutaraq kəlləsi ilə sifət nahiyəmdən vurdu. Digər yanımda olan şəxslər də başımın arxasından və bədənimin müxtəlif nahiyələrinə yumruqla vurmağa başladılar. Həmin vaxt mən yerə yıxıldım və huşumu itirdim. Sonra həmin yerdə digər mağazada işləyən qadınlar məni ayıldaraq su verdilər. Mən ayılanda başımın üstündə mülki geyimdə polis əməkdaşları olub. Dərhal ayağa duraraq öz mobil telefonumdan “103”-ə zəng etdim və təcili tibbi yardım çağırdım. Mən müxtəlif xəstəxanalara getdim, xəstəxanada rentgen edildikdən sonra alın, burun sümüyümün qırıldığını bildirdilər. Cərrahi əməliyyatlara məruz qaldım. Uzun müddət davamlı müalicələr aldım”. 

Zərərçəkmiş qeyd edib ki, təqsirləndirilən şəxsdən şikayətçidir: “Hadisə baş verən gündən indiyə qədər Sabir nə özü, nə də ailə üzvləri mənimlə maraqlanmayıb, üzrxahlıq etməyiblər. Guya mənimlə barışmaq istəməsi ilə bağlı dedikləri həqiqiət deyil. Mənimlə yalnız məhkəmə zalında görüşüb, məhkəmədən sonra heç kim əlaqə saxlamayıb, barışığa cəhd belə etməyib”. 

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Sabir 6 il 5 ay 29 gün müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilib. Müdafiəçi şikayətində müvəkkilinin əməlini Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilməsini, cəzasının yüngülləşdirilməsini istəyib. 

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxsin müdafiəçisinin şikayəti təmin edilməyib. 
Demokrat.az

17:56 - 14 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin