Kürdəmir rayonunda 1992-ci il təvəllüdlü Elmar şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həmkəndlisi Vüqara (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Asayis.Az-ın əldə etdiyi məlumata görə, hadisə Kürdəmir rayonunun kəndlərindən baş verib.
Elmar həmkəndlisi Vüqarla mübahisə edərək aralarında şəxsi münasibətlər zəminində baş vermiş dava-dalaş zamanı onun bədəninin müxtəlif nahiyələrinə qəsdən bir neçə dəfə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Elmarın barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elmar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
O, ifadəsində göstərib ki, Vüqar onun həmkəndlisidir, münasibətləri normal olub, aralarına heç bir ədavətləri olmayıb:
“Hadisədən 3 gün əvvəl bizim toyuqlarımız oğurlandı. Bundan sonrakı gün, gecə saat 00.30-da küçədə Vüqarı görərək ondan bu vaxtı orada nə gəzdiyini soruşdum. Vüqar qonşularında yaşan xanımla görüşmək üçün gəldiyini dedi, toyuq oğurluğu üçün polisə şikayət etməyimi də bildirdi və aramızda mübahisə oldu. Mübahisə zamanı mən Vüqarı vurmadım”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Vüqarın sözlərinə görə, hadisə vaxtı Elmargilin evlərinin qarşısından keçərək öz evlərinə gedərkən Elmar onun qarşısına çıxıb və bu yoldan keçməməsini deyib:
“Mən isə bu yoldan yaxın olduğunu desəm də, Elmar sözümə təkid edərək toyuqlarının oğurlandığnı bildirdi. Mən də ona toyuq oğurluğu ilə bağlı polis şöbəsinə şikayət etməsini məsləhət görsəm də, Elmar mənimlə mübahisə etdi. Mübahisə zamanı Elmar yumruqla sifət nahiyəmə zərbə endirdi. Zərbənin təsirindən yerə yıxıldım. Yerdə olan zaman təpiklə də bədənimin müxtəlif yerlərinə vurdu. Biz barışmamaşıq. Barışmaq da istəmirəm”.
Bu cinayət işinə Kürdəmir Rayon Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Elmar 1 il 3 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsin üzərinə Kürdəmir rayonunun ərazi hüdüdlarını tərk etməmək, yaşayış yeri olan Kürdəmir rayonu kəndində yerləşən evi gecə saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, spirtli içkilərin qəbul edildiyi yerə getməmək habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədın məlumatlandırmaq vəzifəsi qoyulub.
Təqsirləndirilən şəxsin üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilib.