Ötən günlərdə televiziya kanallarının birində müsahibə verən məktəblinin sözləri sosial şəbəkələrdə gündəm olub. Belə ki, şagird dərs saatlarının çoxluğundan və uşaqların böyüklərdən, dövlət işçilərindən də evə gec getdiyini söyləyərək şikayətini bildirib. Əksəriyyət şagirdin dediklərinə haqq qazandırıb.
Asayis.Az xəbər verir ki, məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov danışıb.
"Gec bitən dərslərin fəsadlarını araşdırmağa təhsilin keyfiyyəti baxımından başlasaq, bu cür rejimlərin tədris prosesinə mənfi təsir göstərməsi mümkündür. Gec saatlarda dərslərin keçirilməsi şagirdlərin zehni və fiziki yorğunluğu ilə əlaqədardır. Uzun müddət davam edən dərslərdən sonra şagirdlərin diqqəti zəifləyir, bu isə mövzuların mənimsənilmə səviyyəsini aşağı salır. Dərsin sonuna yaxın şagirdlərin məhsuldarlığının azalması, xüsusilə də gec saatlarda onlardan maksimum səmərə əldə etməyi çətinləşdirir. Bu səbəbdən gec saatlarda keçirilən dərslərdə müəllimlərin dərs keyfiyyətini artırması daha çətin ola bilər, çünki şagirdlərin motivasiyası və konsentrasiyası zəifləyir.
İkinci növbə dərslərinin fəsadları bununla bitmir. Gec bitən dərslər şagirdlərin ümumi həyat tərzinə də təsir edir. Axşam dərsləri şagirdlərin ev tapşırıqları üçün daha az vaxt ayıra bilməsi, ailə ilə birlikdə vaxt keçirmə imkanlarının məhdudlaşması ilə nəticələnir. Məktəbdən evə gec qayıdan şagirdlər adətən dərsə yenidən hazırlaşmaqda çətinlik çəkir, bu da akademik nəticələrinə birbaşa təsir edir. Eyni zamanda, gec saatlarda şəhərdə nəqliyyat problemləri, təhlükəsizlik məsələləri də narahatlıq yaradan digər faktorlardandır. Xüsusilə də valideynlər uşaqlarının axşam vaxtı təhlükəsizlik qayğıları ilə üz-üzə qalmalarından narahatdırlar”.
Ekspert dərs saatının gec bitməsinin psixoloji təsirlərinə də toxunub :
“Psixoloji təsirlər də əhəmiyyətli bir məqamdır. Gecə saatlarında dərslərin bitməsi şagirdlərin emosional yükünü artırır. Məktəb həyatında ardıcıl yorğunluq və streslə mübarizə aparmaq yeniyetməlik dövründə olan şagirdlər üçün psixoloji gərginlik yaradır. Bu isə onların sosial həyatdan, əyləncələrdən və asudə vaxtdan zövq almalarını məhdudlaşdırır. Şagirdlərin məktəb xaricindəki fəaliyyətləri — idman, musiqi, rəsm kimi hobbilərə və ya əlavə dərslərə vaxt ayırmaları çətinləşir. Bu, balanssız həyat tərzinin formalaşmasına və uşaqların inkişafında mənfi təsirlərə yol açır.
Sosial həyat baxımından isə gec bitən dərslər şagirdlərin ailə ilə vaxt keçirmə imkanlarını əhəmiyyətli dərəcədə azaldır. Axşam dərsdən çıxıb evə gec gələn uşaqlar ailə ilə ünsiyyətdən məhrum olurlar. Valideynlər üçün də bu, problem yaradır, çünki ailə mühitində uşaqların inkişafı və tərbiyəsi çox vacibdir. Ailə, uşağın inkişafında, dəyərlərin formalaşmasında əsas rol oynayır. Gec saatlara qədər məktəbdə olan uşaqlar isə ailə ilə birgə vaxt keçirmək, yemək yemək, söhbət etmək və ya birlikdə müxtəlif fəaliyyətlərdə iştirak etmək imkanlarından məhrum olurlar.
Bəzi hallarda, ikinci növbə dərsləri tədris proqramlarının çox yüklənməsi ilə nəticələnir. Bu isə məktəblərin infrastrukturları ilə əlaqədar problemləri ortaya çıxarır. Şagirdlərin sayı çox olduqda məktəblər məcbur qalıb ikinci və ya üçüncü növbələrə bölünürlər. Amma bu, uzunmüddətli perspektivdə təhsil keyfiyyətinə mənfi təsir edir, çünki bir çox məktəb infrastrukturu bu qədər çox şagirdi qəbul etməyə və onlara uyğun şərait yaratmağa hazır olmur.
Bu problemlərin həllində məktəblərin infrastrukturunun yaxşılaşdırılması, dərs qrafiklərinin daha balanslı tərtib edilməsi və şagirdlərin həyat balansına diqqət yetirilməsi vacibdir”.
Demokrat.az