Gəncədə kişi sevgilisini döydü

 Gəncədə kişi sevgilisini döydü

Gəncə şəhərində 1987-ci il təvəllüdlü İslam şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qeyri-rəsmi münasibətdə yaşadığı Afətə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Asayis.Az-ın məlumatına görə, hadisə bu ilin iyunun 6-da Gəncə şəhər, D.Qorqud küçəsindəki mənzillərdən birində baş verib. İslam əvvəllər qeyri-rəsmi olaraq birlikdə yaşadığı Afət ilə aralarında şəxsi münasibətləri zəminində baş vermiş mübahisə zamanı yumuruq ilə baş nahiyəsinin sağ tərəfinə vurub. 

Hadisəni törədən İslamın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İslam ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, onların arasında tez-tez mübahisə olur: “İyunun 6-da bizim aramızda mübahisə oldu. Mən çox əsəbi olduğum üçün Afətin başına yumruqla zərbə endirdim. Hazırda onunla barışmışam”.

İş üzrə zərərçəkmiş Afətin sözlərinə görə, iyunun 6-da İslam onun evinə gəlib: “İslam məni təhqir etməyə başladı. Mən də ondan evimi tərk etməyini tələb etdim. Mənə nalayiq ifadələr işlədərək başıma yumruqla zərbələr vurdu”.

Bu cinayət işinə Gəncə Şəhər Məhkəməsində baxılıb. İşə baxan hakim təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən İslamın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 
Demokrat.az

11:21 - 8 Oktyabr 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin