35 yaşlı kişi evinə əxlaqsız qadın gətirdi, onları birlikdə görən arvadı isə... - TƏFƏRRÜAT

 35 yaşlı kişi evinə əxlaqsız qadın gətirdi, onları birlikdə görən arvadı isə... - TƏFƏRRÜAT

Balakən rayonunda 1989-cu il təvəllüdlü Araz şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Aydana (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Asayis.Az-ın məlumatına görə, Araz yaşadığı evin arxa hissəsində yerləşən talvarın içərisində aralarında ailə münasibətləri zəminində yaranmış mübahisə zamanı rəsmi nikah bağlamadan ər-arvad münasibətində yaşadığı Aydanın sifət nahiyəsinə qəsdən 1 dəfə yumruqla vurub. 

O, həmçinin arvadını 2 dəfə qaldırmaqla yerə çırparaq onun sifətinin sol yuxarı hissəsində qançır, digər xəsarətlər yetirib. 

Hadisəni törədən Arazın barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Araz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 9 ildir Aydan ilə evlidir və onunla birgə dini nikahlarından 1 az yaşlı övladı var: “Hadisə günü, axşam saatlarından başlayaraq yaşadığım evin arxa hissəsindəki həyətdə tək əyləşərək spirtli içki qəbul etdim. Həmin gün saat 23 radələrində artıq dərəcədə sərxoş olduğumdan yoldan keçən, tanımadığım, adını bilmədiyim qadınla tanış olaraq danışdım. Mən həmin qadını yaşadığım evin həyətində yerləşən kirayədə yaşadığım mənzilin yardımçı tikilisi kimi nəzərdə tutulan talvarın içərisində söhbət etmək üçün apardım. Bu zaman həyat yoldaşım Aydan mənim həmin tanımadığı qadınla hər hansı bir münasibətimdən şübhələnərək evin həyətinə düşdü. Məndən xəbərsiz həmin talvarın içərisinə daxil oldu. Mən Aydanı talvarın içərisinə daxil olduqdan sonra gördüm. Mənimlə birlikdə talvara söhbət etmək üçün gələn qadın Aydanı görərək oradan uzaqlaşdı”. 

Araz qeyd edib ki, Aydanın onu izləməsindən əsəbləşib və həmin talvarın içərisində sərxoş vəziyyətdə Aydanın sifətinə 1 dəfə yumruqla vurub: “Daha sonra Aydanı 2 dəfə qaldıraraq yerə çırpdım. Bu zaman Aydan həmin yerə qonşularımız Mətanət və Əlini çağırdı. Onlar gəldikləri zaman mən həmin yerdən uzaqlaşdım. Hadisə zamanı yanımda başqa heç kim olmayıb. Ətrafa insanlar toplaşmayıb, səs-küy yaranmayıb”. 

İş üzrə zərərçəkmiş qismində ifadə verən Aydanın sözlərinə görə, son zamanlar əri Arazın başqa bir qadınla ona xəyanət etməsindən şübhələnib: “Hadisə günü, axşam saatlarından başlayaraq Arazın yaşadığımız evin arxa hissəsindəki həyətdə tək əyləşərək spirtli içki qəbul etdiyini, həmin gün saat 23 radələrində yaşadığım mənzilin pəncərəsindən evin həyətinə baxdığım zaman onun yolun kənarında dayanaraq kimisə gözləməsini gördüm. Ondan şübhələnərək onu pəncərədən izlədim. Bu zaman tanımadığım bir qadının Arazla birlikdə yaşadığımız evin həyətindəki kənarları bağlı vəziyyətdə olan talvara daxil olduğunu gördüm. Dərhal evin həyətinə düşdüm və Arazla tanımadığım həmin qadının talvarın içərisində gördüm. Həmin qadın məni görərək oradan qaçaraq uzaqlaşdı. Araz isə həmin talvarın içərisində sərxoş vəziyyətdə mənimlə mübahisə etdi. Mənim sifətimə 1 dəfə yumruqla vurdu. Sonra isə 2 dəfə qaldıraraq yerə çırpdı. Bu zaman sifət nahiyəmdən və sol ayağımın dəmirə dəyməsi nəticəsində xəsarət aldım”. 

Bu cinayət işinə Balakən Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Araz 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsin üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub. 
Demokrat.az

16:44 - 3 Oktyabr 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin