Növbəti ildən kommunal ödənişlər artacaq? - PROQNOZ

 Növbəti ildən kommunal ödənişlər artacaq? - PROQNOZ

Beynəlxalq maliyyə hesabatlarına əsasən gələn il Azərbaycanda inflyasiyanın artacağı proqnozlaşdırılır. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-iyul aylarında istehlak qiymətləri 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1 %, iyul ayında ötən ilin eyni ayına nisbətən 2,7 %, bu ilin iyun ayına nisbətən 0,9 % artıb. İqtisadiyyat Nazirliyi 2024-cü ildə ölkədə illik inflyasiyanın 2,7 %, 2025-ci ildə 4,9 % olacağını gözləyir. Azərbaycan Mərkəzi Bankı 2024-cü ilə inflyasiya proqnozunu (iyul proqnozu: 2024-cü ilə 5,4 % və 2025-ci ilə 5,5 %) artırıb.

İqtisadçı Xalid Kərimli Demokrat.az-a açıqlamasında deyib ki, inflyasiya səviyyəsinin artmasının bir neçə səbəbi var:

“Birinci səbəb odur ki, ölkədə ictimai nəqliyyatın qiyməti artırıldı. Dizel yanacağı və “Aİ-92” markalı benzinin qiyməti də qalxdı. Mərkəzi Bank özü də bildirib ki, bu qərarlar inflyasiyanı əlavə 1,5 faiz artıracaq. Yanacağın qiymətinin artması spiralvari ötürülür, tədricən təsirini göstərir. 

Tarif Şurasının qiymət artımı ilə bağlı verdiyi qərarlar ölkədə inflyasiya səviyyəsinə təsir edən faktordur. 

Hökumət növbəti ildən minimum əməkhaqqını, sosial ödənişləri, pensiyaları artırmağı hədəfləyir. Cari xərclər dövlət büdcəsində də proqnozlaşdırılıb. Bunun da inflyasiya effekti olacaq. Əməkhaqqı və pensiyalar artdıqca inflyasiya effekti artacaq. 

Digər kommunal ödənişlərin artması məsələsi də gündəmə gələ bilər. Hökumət müəyyən fasilələrlə digər xidmətlərin də qiymətini artıra bilər. Bunlar inflyasiyaya təsir göstərən amillərdir”.

12:23 - 20 Sentyabr 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin