Sumqayıt şəhərində 1990-cı il təvəllüdlü Səməd şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Röyaya (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Asayis.Az-ın məlumatına görə, hadisə Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 11/8 ünvanının qarşısında baş verib.
Səməd orada Röya ilə ilə aralarında yaranmış şəxsi münasibət zəminində baş vermiş mübahisə zamanı qəsdən onun baş və bədən nahiyyəsinə bir neçə yumruq zərbəsi vuraraq, ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
Hadisəni törədən Səmədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Səməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, 2016-cı ildə Röya ilə ailə həyatı qurub və evliliklərindən 2 övladları var:
“İlk əvvəl bizim münasibətlərimiz normal olub. Daha sonra aramızda mütəmadi olaraq mübahisələr yarandığı üçün 2022-ci ilin yanvar ayında rəsmi boşandıq. Təxminən 7 ay sonra yenidən barışaraq birgə yaşamağa başladıq”.
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə baş verən gün, səhər 9 radələrində evdən çıxmağı qərarlaşdırıb:
“Röyaya əvvəlcə işə baş çəkəcəyimi, oradan da Xaçmaza iş yoldaşımın oğlunun toyuna gedəcəyimi bildirdim. Saat 23 radələrində telefonla Röyaya ilə danışarkən ona Qubaya gedəcəyimi, növbəti gün gələcəyimi bildirdim. Biz telefonda mübahisə etdik. Bundan sonra evə gəldim. Bu zaman Röyanın binanın qarşısında olduğunu və getmək istədiyini anladım. Əsəbləşərək Röyanın yanına gəldim və onun qolundan tutaraq baş, bədən nahiyyəsinə bir neçə yumruq zərbəsi endirdim. Daha sonra saçından tutaraq özümə çəkdim. Bu vaxt o, dizi üstə yerə yıxıldı. Sonra onu yerdən qaldırdım. Bundan sonra Röya məndən uzaqlaşdı. Mən də evə getdim”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Röyanın sözlərinə görə, 2016-cı ildə ailə həyatı qurublar və birgə nikahdan 2 övladları var:
“2022-ci ilin yanvarında rəsmi olaraq boşandıqdan 7 ay sonra yenidən barışdıq və birgə yaşamağa başladıq. Səmədlə təxminən 7 aydır ki, bir yerdə yaşayırıq. Lakin son vaxtlar yenə aramızda söz-söhbətlər yarandı. Sonuncu dəfə Səməd keçmiş iş yoldanın övladının toyuna getmək üçün saat 9-da evdən çıxaraq işə gedəcəyini və oradan da Xaçmaz rayonuna toya gedəcəyini bildirdi. Saat təxminən 23 radələrində Səməd ilə telefonla danışdım.
Səməd mənə Quba rayonuna gedəcəyini və növbəti gün qayıdacağını, evə qayıtdıqda məni evdə görmək istəmədiyini bildirdi. Mən əşyalarımı yığaraq Sumqayıt şəhəri, Şirvan qəsəbəsində yaşayan bacımın yanına getmək üçün hazırlaşdım. Taksiyə minmək üçün binanın qarşısına düşdüm. Bu zaman Səməd həyətə gəldi. Bizim yenə mübahisəmiz başladı. Səməd mənim qolumdan tutaraq baş və bədən nahiyyələrimə bir neçə yumruq zərbəsi endirdi. Mən getmək istədikdə saçımdan tutdu. Daha sonra Səməddən aralaşdım və taksiyə mindim. Səhəri gün polisə hadisə barədə məlumat verdim”.
Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Səmədin barəsində olan cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilib.
O, cinayət məsuliyyətindən azad edilib. Demokrat.az