Xətaidə baş verən bıçaqlanma hadisəsi ilə bağlı rəsmi açıqlama verilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, paytaxtın Xətai rayonunda bir nəfərin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə polisə daxil olmuş məlumat üzrə araşdırma başlanılıb.
Əməli törədən şəxsin və ya şəxslərin müəyyən olunması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Bakının Xətai rayonunda kütləvi dava düşüb, ağır xəsarət alan var.
APA xəbər verir ki, hadisə Məhsəti küçəsi, 5 a ünvanında qeydə alınıb.
Belə ki, 5 nömrəli Peşə Liseyinin IV kurs tələbəsi 2005-ci il təvəllüdlü Elmir Ramil oğlu Nəsirov sözügedən təhsil ocağının tələbəsi ilə mübahisə edib.
Mübahisə zamanı tələbə E.Nəsirova xəncər vasitəsilə beş dəfə zərbə endirib.
Yaralı ağır vəziyyətdə Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.
Hazırda Xətai Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışına başlayıblar.