Tovuz rayonunda 1982-ci il təvəllüdlü Qurban şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Şahinə xəsarət yetirib.
Asayis.Az-ın məlumatına görə, hadisə bu ilin mayın 13-də, saat 18 radələrində Tovuz rayonu Xatınlı kəndi ərazisində baş verib. Qurban Şahinin iribuynuzlu heyvanlarının ona məxsus arpa sahəsinə ziyan vurması səbəbindən aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı əlində olan çomaqla onun bədəninin müxtəlif nahiyələrinə vurub.
Hadisəni törədən Qurbanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Qurban ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur: “Mənim Tovuz rayonu Xatınlı kəndinin Kür çayının kənarında yerləşən ərazisində pay torpağım var. Özümə məxsus pay torpağının yaxınlığında olan həmkəndlilərimə məxsus pay torpaqlarını sahiblərinin razılığı ilə bir hissəsini əkib-becərmişik. Yerdə qalan hissəsində isə iribuynuzlu heyvanlarımı otarmışam. Mənimlə qonşuluqda iribuynuzlu heyvan saxlayan Şahin mütəmadi olaraq özünə məxsus iribuynuzlu heyvanlarını arpa əkmiş olduğum 1 hektar 14 sot əraziyə salaraq otarmaqla mənə ziyan vurub. Mən ona iribuynuzlu heyvanlarına nəzarət etməsini, arpa sahəsini otarmamasını dedim. Lakin Şahin sözlərimdən nəticə çıxartmadı və yenidən özünə məxsus iribuynuzlu heyvanlarını arpa sahəmə saldı”.
Təqsirləndirilən şəxs qeyd edib ki, Şahinin hərəkətlərinə dözməyib və hadisə günü saat 18 radələrində Tovuz rayonu Xatınlı kəndi ərazisindən keçən “Aran” deyilən yerdə əlində olan ağacla Şahinin bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə vuraraq xəsarət yetirib: “Şahini döyərkən orada bizdən başqa heç kim olmayıb. Hazırda əməlimdən peşmançılıq hissi keçirirəm. Zərərçəkmiş şəxslə barışmışam”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Şahinin sözlərinə görə, rəsmi olaraq Tovuz rayon Meşə İdarəsində meşəbəyi işləyir: “Tovuz rayon Xatınlı, Qaraxanlı, Qədirli və Cilovdarlı kəndlərinin Kür qırağı ərazisində yerləşən meşəlik ərazidə meşəbəyi işləyirəm. Mənim meşəbəylik etdiyim ərazidə dövlət tərəfindən tikilmiş bina var. Mən həmin binada yol uzaq olduğundan və gediş-gəlişdə əziyyət çəkdiyim üçün ailəm ilə birlikdə həmin binada yaşamışam. Yaşadığım yerin yaxınlığında olan pay torpaqlarının sahiblərindən icazə almışam və həmin torpaqlarda iribuynuzlu heyvanlarını otarmışam. İcazəsini aldığım pay torpaqlarının yaxınlığında əlavə pay torpağının olmasını bildirmişəm. Həmin pay torpağının bir hissəsində heyvanlarımı otarmışam”.
Zərərçəkmiş qeyd edi ki, hadisə günü onun iribuynuzlu heyvanları nəzarətindən yayınıb və qonşu sahəyə keçib: “Mənimlə qonşuluqda heyvan saxlayan Qurban mənə uca səslə heyvanlarının ona məxsus otlaq sahəsinə keçməsini dedi. Qurbana “hər gün sənin heyvanların mənim otlaq ərazimə keçir, bir dəfə də mənim heyvanlarım sənin otlaq ərazinə keçibdir” dedim. Bu zaman Qurban nalayiq sözlərlə məni təhqir etdi və əlində olan ağacla bədənimin müxtəlif nahiyələrinə vurmaqla xəsarət yetirdi. Hazırda təqsirləndirilən şəxslə barışmışıq, ondan heç bir şikayətim yoxdur”.
Bu cinayət işinə Tovuz Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Qurbanın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. Demokrat.az