Sumqayıt şəhərində 1994-cü il təvəllüdlü Şahin şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı keçmiş həyat yoldaşı Sevincə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Asayis.Az-ın məlumatına görə, hadisə Sumqayıt şəhəri, 22-ci məhəllə, H.Əliyev prospektində yerləşən yataqxanada baş verib. Şahin həmin ünvanda keçmiş həyat yoldaşı Sevinc ilə arasında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı onu vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Şahinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Şahin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Sevinc ilə 2013-cü ildə rəsmi ailə həyatı qurub: “Birgə nikahımızdan iki övladımız dünyaya gəlib. Biz 2024-cü ildə rəsmi olaraq boşanmağımıza baxmayaraq bir evdə yaşamışıq. Hadisə günü, gecə saat 01:00 radələrində yaşadığımız evə gəldim. İşlədiyim yerdə beton tökdüyüm üçün ayaqlarım ağrıdı. Evə gəldikdən sonra Sevinc mənim ayaqlarımı yudu, ayağıma krem çəkdi. Bundan sonra mən yatdım. Təxminən gecə saat 03:50-da Sevinc məni oyatdı. Mənə məxsus telefonda başqa bir qadınla yazışmalarımı oxuduğunu bildirərək mübahisə etməyə başladı. Mən həmin vaxt yuxudan durduğum üçün çox əsəbləşdim. Digər otağa keçərək aramızda mübahisə etdik. Mübahisə zamanı Sevincin sol üz və baş nahiyyəsinə əl zərbələri endirdim. Sevincə xəsarət yetirən zaman orada heç kim olmayıb”.
Təqsirləndirilən şəxs qeyd edib ki, keçmiş arvadı Sevinclə aralarındakı münaqişə təxminən 3-5 dəqiqə olmaqla davam edib: “Mübahisə zamanı Sevinc mənə hər hansı bədən xəsarəti yetirməyib. Hazırda əməlimdən peşmanam. Aramızda barışıq olub”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Sevincin sözlərinə görə, təqsirləndirilən Şahin onun keçmiş həyat yoldaşıdır, rəsmi olaraq ayrılsalar da, onunla bir ünvanda yaşayır: “Hadisə günü, gecə saat 01:00-da Şahin yaşadığımız evə gəldi. Şahin işlədiyi yerdə beton tökdüyü üçün ayaqları ağrıdı. Evə gəldikdən sonra Şahinin ayaqlarını yudum, ayağına krem çəkdim. Bundan sonra Şahin yatdı. Mən Şahinin telefonuna baxdım. Telefonda Şahinin başqa bir qadınla yazışmasını gördüm. Həmin mesajlarda mənim barəmdə Şahinin nalayiq sözlər yazdığını gördüm. Təxminən saat 03:50-də Şahini oyatdım. Ona yazışmalar barədə sual verdim. Yaşadığımız evdə yatdığımız otaqdan digər otağa keçərək aramızda mübahisə baş verdi. Mübahisə zamanı Şahin ünvanıma, o cümlədən valideynlərimin ünvanına nalayiq sözlər işlətdi. Mənim üz və baş nahiyyəmə əl zərbələri ilə vuraraq xəsarət yetirdi. Hətta boğazımdan da tutdu. Lakin mən Şahini özümdən uzaqlaşdırdım”.
Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Şahinin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Demokrat.az