Uşaq pulu bərpa olunarsa, demoqrafik azalmanın qarşısı alına bilər - Sosioloq

 Uşaq pulu bərpa olunarsa, demoqrafik azalmanın qarşısı alına bilər - Sosioloq

Bu il  1-ci sinifə gedən uşaqların sayı keçən illə müqayisədə xeyli azalıb. Belə ki, 2024-2025-ci tədris ili üzrə I sinfə 132 261 uşaq qəbul olunduğu halda, 2023-2024-cü tədris ilində isə ölkənin ümumtəhsil məktəblərinin I sinfinə 137 862 uşaq gedib. 

Bəs bu azalmanın səbəbi nədir?

Məsələ ilə bağlı açıqlama verən sosioloq Üzeyir Şəfiyev deyib ki, 10 ildən artıqdır ki, Azərbaycanda təbii artımda enmə dinamikası müşahidə olunur:

“Təbii ki, yeni doğulanların sayı azaldıqca, məktəbə gedən 1-ci siniflərin sayı azalacaq. Bu da təbii artımdaki azalma ilə izah olunur. Qlobal miqyasda da təbii artımda enmə dinamikası müşahidə olunur. Əvvəl Azərbaycanda çoxuşaqlı ailələr üstünlük təşkil edirdi, amma bu gün görürük ki, 1-2, ən yaxşı halda 3 uşaqla kifayətlənirlər. 
Şübhəsiz ki, bu da təbii artıma mənfi təsir bağışlayır. Eləcə də, Azərbyacanda nikahlara nisbətən boşanmaların dinamikasında artım müşahidə olunur. Boşanmalar da təbii artıma bu şəkildə təsir göstərir. Hesab edirəm ki, bu vəziyyət Hərbi xidmətdə səfərbərliklə bağlı və eyni zamanda əmək bazarındakı vəziyyətə təsir göstərə bilər,  genfona təhlükəsizlik baxımından təhdid yarada bilər. 

Təbii artımda enmə dinamikası olmasın deyə, demoqrafik siyasəti təşviq edən sosial dəstək layihələri həyata keçirilməlidir. Yaxşı olar ki, uşaq pulu adı ilə məlum olan, hansı ki, sosial müavinatlar bərpa olunsun.  Hansı ki, 2006-cı ildən dövlət sosial ünvanlı sosial yardım ilə əvəz olunub. Güman edirəm ki, ünvanlı sosial yardım uşaq pulu ilə əvəz edilə bilməz. Ona görə  uşaq pulları bərpa olunmalıdır. Eyni zamanda,  yaxşı olardı ki, boşanmaların qarşısını almaq üçün ailələrlə sosial psixoloji işlər aparılsın, münaqişəli ailələr qeydə alınsın. Onlarla iş aparılsın. Boşanmalara gətirib çıxaran səbəblər aradan qaldırılsın. Ailə dayanıqlığı təmin olunsun. Azərbaycanda ənənəvi ailə dəyərləri möhkəmləndirilsin. Klassik Azərbaycan ailə dəyərləri təmin olunsun. Güman edirəm ki, əgər təbii artıma təkan verən sosial dəstək tədbirləri həyata keçirilərsə, təbii artımda biz enmə dinamikasının qarşısını ala bilərik. Demokrat.az

10:16 - 17 Sentyabr 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin