Bakıda taksi sürücüləri arasında müştəri üstündə DAVA

 Bakıda taksi sürücüləri arasında müştəri üstündə DAVA

Bakının Nizami rayonunda 1993-cü il təvəllüdlü Kənan şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı İsrailə xəsarət yetirib. 

Asayis.Az-ın məlumatına görə, hadisə bu ilin martın 13-də, saat 13 radələrində ictimai yer olan Nizami rayonu, metronun “Koroğlu” stansiyası yaxınlığında baş verib. 

Orada taksi sürücüsü Kənan digər taksi fəaliyyəti ilə məşğul olan İsrailin növbədən kənar müştəri götürməsinə etiraz edib, qəsdən yumruqla sifət nahiyəsinə vurub. Onu  yerə yıxaraq, yerdə bədən nahiyəsinə yumruq və təpiklə vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
 
Hadisəni törədən Kənanın barəsində Cinayət Məcəlləsinin 221.1-ci (Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Kənan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, taksi fəaliyyəti ilə məşğul olub və ailəsini dolandırır: 

“Adətən Nizami rayonu, metronun “Koroğlu” stansiyası yaxınlığından müştəriləri götürürəm, Xəzər rayonu, Binə qəsəbəsinə aparıram, eyni qaydada Binə qəsəbəsindən metronun “Koroğlu” stansiyasına müştəri gətirirəm. Taksi sürücüləri ilə aramızda olan şifahi razılaşmaya görə müştərini növbəli şəkildə avtomobilə əyləşdiririk. Martın 13-də, saat 12:20-də metronun “Koroğlu” stansiyası yaxınlığında müştəri gözləyən zaman İsrail idarə etdiyi “Mercedes Vito” markalı avtomobil ilə növbə gözləmədən sərnişinləri avtomobilinə əyləşdirdiyi üçün aramızda sözlə mübahisə baş verdi. Bundan sonra İsrail müştəriləri götürərək getdi. 

Mən də eyni qaydada sərnişinləri götürdüm və oradan getdim. Bir neçə dəqiqə sonra metronun “Koroğlu” stansiyası yaxınlığına qayıdanda İsrailin orada olduğumu gördüm və ona bildirdim ki, taksi sürücüləri arasında olan razılaşmaya nə səbəbə riayət etmir. İsrail cavabında düz elədiyini bildirdiyi üçün aramızda mübahisə yarandı. Biz əlbəyaxa olan zaman sifət və bədən nahiyəsinə yumruqla vurdum. Daha sonra ətrafda olan taksi sürücüləri bizi ayırdılar. Əməlimdən peşmanam, bir daha belə əməl törətməyəcəm. Zərərçəkmiş şəxslə barışmışam”. 

İş üzrə zərərçəkmiş qismində ifadə verən İsrailin sözlərinə görə, martın 13-də, səhər saatlarında avtomobilinə sərnişin mindirən zaman digər taksi sürücüsü Kənan növbədən kənar müştəri götürdüyünə görə ona narazılığını bildirib: 

“Bizim aramızda orada qısa mübahisə yarandı. Bundan sonra mən evə getdim. Saat 13 radələrində yenidən metronun “Koroğlu” stansiyası yaxınlığına gəldim və müştəri götürən zaman Kənan mənə yaxınlaşaraq eyni məsələyə görə mübahisə etdi. Mənim üz nahiyəmə yumruqla vuraraq yerə yıxdı, yerdə məni yumruq və təpiklə döyən zaman ətrafda olan taksi sürücüləri bizi ayırdılar. Bundan sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdim. Hazırda təqsirləndirilən şəxs ilə barışmışam. Ona qarşı heç bir şikayətim yoxdur”. 

Bu cinayət işinə Nizami Rayon Məhkəməsində baxılıb. 

Məhkəməninin hökmü ilə hər ay qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib.
Demokrat.az

10:25 - 12 Sentyabr 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin