Şəmkir rayonunda 1985-ci il təvəllüdlü Daşkəsən rayon sakini Rasim Bağırov tanışı, 1989-cu il təvəllüdlü rayon sakini Samir Abdullayevi bıçaqlayaraq qətlə yetirib.
Asayis.Az-ın məlumatına görə, Rasim 8 aprel 2022-ci ildə, saat 18:30-da idarə etdiyi “HOVO” markalı avtomobillə Bakı-Qazax magistral avtomobil yolunun 394-cü kilometrliyinin Şəmkir rayonunun, Qədimqala kəndi ərazisindən keçən hissəsində, Qazax rayonu istiqamətində hərəkətdə olarkən digər sürücü idarə etdiyi “VAZ-2106” markalı avtomobil ilə ötmə əməliyyatını icra edib.
Bu zaman həmin sürücü onun idarə etdiyi “HOVO” markalı yük maşınının qarşısında qəflətən manevr edib və Qədimqala kəndi istiqamətində, yəni yolun sol tərəfindən sağ tərəfinə dönərək qəza şəraiti yaratdığı üçün yük maşınını yolun sağ hissəsində, torpaq yolda saxlayıb.
Rasim avtomobildən düşərək digər sürücünü arxasınca əlini uzadaraq ona nalayiq ifadələr işlədib. Bunu görən Samir sərnişin qismində əyləşdiyi avtomobildən düşüb və Rasimi çağıraraq onun ünvanına nalayiq ifadələr işlətdiyi üçün onunla mübahisə etməyə başlayıb.
Rasim Samir Abdullayevin nalayiq ifadələr işlətməsindən hiddətlənərək idarə etdiyi yük avtomobilinin sol ön qapısının daxili saxlanc yerində saxladığı mətbəx bıçağını götürüb və heç bir əsaslı səbəb olmadan onun qarın boşluğu nahiyəsindən bir dəfə zərbə endirib. Samir aldığı xəsarətlərdən vəfat edib.
Hadisəni törədən Rasimin barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rasim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, aprelin 8-də, saat 14 radələrində Yevlax şəhəri ərazisində yerləşən qum karxanasına Şəmkir şəhəri, Kraz yolu yaşayış massivində yerləşən tanımadığı şəxsə məxsus fərdi yaşayış evinə daşınmalı olan tikinti təyinatlı qumu yükləmək üçün yollanıb: “Qumu etibarnamə əsasında idarə etdiyim “HOVO” markalı yük avtomobilinə yüklədim və Yevlax şəhərindən Şəmkir rayonu istiqamətində yola düşdüm. Təxminən saat 16:30-da Bakı-Qazax magistral avtomobil yolu ilə Qazax rayonu istiqamətində yolun sağ zolağı ilə hərəkətdə olarkən Şəmkir rayonu, Qədimqala kəndinə tərəf ayrılan yol ayrıcına çatmamış yolun sol hərəkət zolağı ilə hərəkətdə olan sarı rəngli “VAZ 2106” markalı avtomobilin sürücüsü mənim sol tərəfimdən ötmə əməliyyatını icra edərək gözləmədiyi halda Şəmkir rayonu, Qədimqala kəndinə tərəf ayrılan yol ayrıcına dönmək üçün qarşımda qəflətən manevr etdi. Sürücü bu hərəkəti ilə qəza şəraiti yaratdı. Mən avtomobili çətinliklə dayandıraraq baş verəcək qəzanın qarşısını aldım. Həmin sürücü isə Qədimqala kəndinə tərəf ayrılan yola tərəf döndü və kəndin içərisinə daxil oldu”.
Təqsirləndirilən şəxs qeyd edib ki, idarə etdiyi avtomobillə təxminən 30-40 metr irəli gedərək yolun sağ kənarında, torpaq yolda avtomobilin hərəkətini dayandırıb və kabinədən düşərək həmin avtomobilin arxasınca söyüb: “Lakin həmin sürücü kəndin içərisinə doğru daxil olaraq gözdən itdi. Mən yenidən avtomobilimə əyləşdim və yoluma davam etmək üçün mühərriki işə saldı. Bu zaman arxadan bir nəfər şəxsin əli və fitlə işarə edərək məni çağırdığını gördüm. Avtomobildən düşdüm, yaşıl rəngli “VAZ 21011” markalı avtomobilin Şəmkir rayonu, Qədimqala kəndinə tərəf ayrılan yol ayrıcında dayandığını, avtomobilin sol ön sürücü qapısının açıq vəziyyətdə olduğunu və adının sonradan Samir olduğunu bildiyim şəxsin isə avtomobilin yanında dayanaraq əli və fitlə işarə edərək, mənə tərəf gəldiyini gördüm. Samir mənə yaxınlaşaraq nalayiq ifadələr işlədərək məni təhqir etdi. Mən sarı rəngli “VAZ 2106” markalı avtomobilin qəflətən qarşımda manevr edərək qəza şəraiti yaratdığını söylədim. Samir Abdullayev sarı rəngli “VAZ 2106” markalı avtomobilin qohumuna məxsus olduğunu və həmin sürücüyə haqq qazandıraraq heç bir qəza şəraitinə yol vermədiyini söylədi”.
Təqsirləndirilən şəxs bildirib ki, bu zaman Samir Abdullayevin sərxoş olduğunu hiss edib: “Samirdən spirtli içki qəbul edib-etmədiyini soruşdum. Samir spirtli içki qəbul etməsini təsdiq etdim. Samir Abdullayev sərxoş olduğu üçün mübahisəni dayandırdım, yoluma davam etmək üçün avtomobilimə tərəf döndüm. Bu zaman Samir Abdullayev qolumdan tutaraq, ünvanıma yenidən nalayiq ifadə işlədərək məni təhqir etdi. Samir Abdullayevin yenidən məni təhqir etməsinə görə əsəbiləşdim. Biz bir-birimizin yaxasından tutaraq dartışdıq. Bu zaman tanımadığım iki nəfər şəxs gələrək bizi aralamağa çalışdı. Mübahisə əsnasında Samir Abdullayev ailə üzvlərimin ünvanına nalayiq ifadələr işlədərək təhqir etdi. Samir Abdullayevin bu hərəkətinə görə özümdən çıxdım. İdarə etdiyim yük avtomobilinin yüngül təmiri üçün istifadə etdiyim və avtomobilimin sol ön qapısının daxili saxlanc yerində olan mətbəx bıçağını götürərək bir dəfə onun qarın boşluğu nahiyəsinə bıçaqla zərbə endirdim. Samir Abdullayev əlləri ilə qarnını tutaraq idarə etdiyi avtomobilinə tərəf getdi və yerdə oturdu. Mən isə bıçağı avtomobilin sol ön qapısının daxili saxlanc yerinə geri qoydum. Bıçağı götürdüyüm yerə qoydum və geri döndükdə tanımadığım bir nəfər şəxsin Samir Abdullayevin başı üzərində dayanaraq ona kömək etməyə çalışdıqlarını gördüm. Məni görən şəxs yaxınlaşaraq heç bir yerə getməməyimi, Şəmkir Rayon Polis Şöbəsinin Post Patrul xidməti əməkdaşlarının hadisə yerinə gələcəklərini söylədilər. Mən polis əməkdaşlarının göstərişinə tabe olaraq heç bir yerə getmədən hadisə yerini tərk etmədim. Hadisə yerində olan şəxslər Samir Abdullayevi “Mersedes-Benz” markalı avtomobillə xəstəxanaya yola saldılar. Təxminən 10-15 dəqiqə sonra rayon polis şöbəsinin Post Patrul xidmətinin əməkdaşları hadisə yerinə gələrək məni Şəmkir Rayon Polis Şöbəsinə aparmış və rayon polis şöbəsinin növbətçi hissəsinə təhvil verdilər”.
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Rasim Bağırov 17 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Demokrat.az