“Məni və arvadımı söydü, evdən çıxmağımı tələb etdi” - AİLƏ MÜNAQİŞƏSİ

 “Məni və arvadımı söydü, evdən çıxmağımı tələb etdi” - AİLƏ MÜNAQİŞƏSİ

Tovuz rayonunda 1985-ci il təvəllüdlü Vüsal ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı ögey bacısı Sevdaya (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Asayis.Az-ın məlumatına görə, hadisə Tovuz rayonunun kəndində baş verib. Vüsal yaşadığı evdə ögey bacısı Sevda ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı oturacaq stulu ilə sol qol və sol bud nahiyələrinə qəsdən bir neçə zərbələr vurub. 

Hadisəni törədən Vüsalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüsal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur: 

“Zərərçəkmiş Sevda mənim ögey bacımdır, Sevil isə həyat yoldaşımdır. Sevda məni evdən qovduğu üçün təxminən yeddi ildir onunla aramızda ədavəti var. Bacım mənimlə eyni həyətdə yaşayır, lakin evlərimiz ayrıdır. Mütəmadi olaraq bacım yaşadığım evdə arvadım Sevil və mənimlə yersiz mübahisə edərək münaqişə yaradır. Yaşadığım evdən çıxmağımı tələb edir. Sevil bir müddət məndən ayrı yaşamışam. Sevil ilə barışmışam, onu evə gətirmişəm”.

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü, saat 11 radələrində Sevda yenidən arvadı Sevil ilə mübahisə edib: 

“Mübahisə əsnasında Sevda əlinə daş parçası alaraq Sevilə doğru atdı. Sevil Sevdanın bu hərəkətinə görə məndən xəbərsiz Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək məlumat verdi. Polislər yaşadığım evə gəldi və Sevil ərizə verərək bacım Sevda barədə şikayətini bildirdi. Sevil atası evinə getdi. Polislər getdikdən 30 dəqiqə sonra Sevda yenidən mənimlə mübahisə etməyə başladı. Məni və arvadımı nalayiq ifadələrlə söydü, təhqir etdi, evdən çıxmağımı tələb etdi. Sevdanın sözlərinə əsəbləşərək həyətdə olan dəmir stulu götürərək onun qol və ayaq nahiyələrinə bir neçə dəfə zərbə endirdim. Zərbə endirdikdən sonra Sevda yerə yıxıldı. Yerə yıxılan zaman Sevdanın qolunda xəsarət olduğunu və qan axdığını gördüm”. 

İş üzrə zərərçəkmiş Sevdanın sözlərinə görə, ailə üzvləri ilə birlikdə Tovuz rayonunun kəndində yaşayır: 

“Rəsmi olaraq heç bir yerdə işləmirəm, evdar qadınam. Vüsal mənim ögey qardaşımdır. Təxminən 4 il əvvəl qardaşım Vüsal evlənib. Həmin vaxtdan qardaşım Vüsal arvadı Sevilin təkidi ilə mütəmadi mınimlə mübahisə edərək münaqişə yaradıb. Vüsal ailəsi ilə birlikdə mənim, atam və anamın yaşadığı həyətdə ayrı evdə yaşayıb. Qardaşım hazırda mənim yaşadığım evdən çıxmağımı istəyir”. 

Zərərçəkmiş bildirib ki, hadisə günü saat 11 radələrində qardaşı Vüsal yenidən arvadı Sevil ilə birlikdə onunla mübahisə edib: 

“Mübahisə zamanı Sevil 102 xidmətinə zəng edərək, guya onu və övladını döyməyim barədə məlumat verdi. Halbuki, Sevil və onun övladını döyməmişəm. Sadəcə olaraq aramızda sözlə mübahisə olub. Təxminən 30 dəqiqədən sonra yaşadığım evə tanımadığı bir nəfər kişi daxil oldu və mənim harada yaşadığımı soruşdu. 

Evin sakini olduğumu və burada yaşadığımı bildirdim. Həmin şəxs Vüsala yanlış məlumat verdiyi üçün sosial yardım ala bilməyəcəyini dedi. Həmin vaxt mənə məlum oldu ki, qardaşım Vüsal sosial yardım almaq üçün müraciət edib, həmin şəxs də yaşadığımız evə Vüsalın ailə üzvlərini yoxlamaq üçün gəlib. Vüsalla söhbət etdikdən sonra sonuncu yaşadığımız evdən çıxaraq getdi. Vüsal da mənə görə sosial yardım ala bilməyəcəyini dedi, mənimlə mübahisə etməyə başladı. Həmin vaxt evdə bizdən başqa atam da olub. 

Mübahisə zamanı Vüsal məni itələyərək yerə yıxdı. Vüsalın məni  döyəcəyindən qorxaraq evə daxil oldum, qapını kilidlədim. Lakin Vüsal pəncərəni sındaraq evə daxil oldu. Otaqda olan dəmir stulu əlinə aldı. Stul ilə baş, sol ayaq, sol qol və sol qabırğa nahiyəsinə bir neçə dəfə zərbələr endirdi. Qol nahiyəmdən qan axdığını gördüm və küçəyə qaçdım. Anamın yaşadığımız evə doğru gəldiyini gördüm və anam tərəfə getdim. Anam nə baş verdiyini soruşduqda, Vüsalın məni döydüyünü dedim. 

Anamla birlikdə yaşadığımız evin həyətinə daxil olduq. Vüsal məni görən zaman yenə stul ilə zərbə endirmək istədi. Lakin anam Vüsalı araladı və stulu onun əlindən aldı. Sonradan Vüsal mənə heç bir zərbə endirmədi. Vüsal məni döyən zaman atam evdə pəncərədən bizə baxıb. Lakin heç bir müdaxilə etməyib”.

Bu cinayət işinə Tovuz Rayon Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Vüsal 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 

Təqsirləndirilən şəxsin üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək, yaşadığı Tovuz rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub. 
Demokrat.az

17:40 - 22 Avqust 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin