"Fiziki şəxs minik avtomobilini adına qeydiyyata aldırarkən mühərrikə görə dövlət rüsumunun məbləği indiki kimi qalır, avtomobilin istehsal ilindən və mühərrikin iş həcmindən asılıdır. Bu rüsumun məbləğində dəyişiklik yoxdur."
Bunu hüquqşünas Ərşad Hüseynov deyib. O, bildirib ki, avtomobilin qeydiyyatı və imtahanla bağlı digər rüsumlarda isə dəyişiklik var və onlar artıq bu gündən yeni məbləğlərdə olacaq.
Qeydiyyat şəhadətnaməsi - 30 manat (indiyədək 25 manat idi);
Dövlət qeydiyyat nişanları (adi hərf və rəqəmlər) – 30 manat (indiyədək 22 manat idi);
Xüsusi hərf və rəqəm kombinasiyası (001, ..., 100, ..., 111, ... kimi variantlar) olduqda nömrələrin rüsumları 1000-3000 arası dəyişəcək (indiyədək 500-2500 idi);
Avtomobil və motosiklet üçün sürücülük vəsiqəsinin verilməsi və dəyişdirilməsi rüsumu 30 manat (indiyədək 25 manat idi);
Avtomobil və motosiklet, tramvay və trolleybusların idarə olunması hüququ üçün imtahan rüsumu ilk dəfə 40 manat (indiyədək 20 manat idi), təkrar imtahan üçün isə 20 manat (indiyədək 10 manat idi).