Alkoqolizmdən əziyyət çəkən E.Eyvazovun müalicə üçün yerləşdirildiyi “Start” reabilitasiya mərkəzində işgəncələrə məruz qalması barədə məlumatlar yayılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Rüfət Səfərov feysbukda yazıb. O bildirib ki, E.Eyvazov bu ilin 5 aprel tarixindən iyunun 19-dək mərkəzdə müalicə alarkən dözülməz şiddətlə üzləşib. Atası tərəfindən müalicəsi üçün üç min manat ödənilən gənc “Start” reabilitasiya mərkəzində olduğu müddətdə qeyri-insani rəftarla üzləşdiyini bildirib. E.Eyvazov məsələ ilə bağlı polisə müraciətinin araşdırılmadığını iddia edib:
"Orada olduğum müddətdə mənə zülm verdilər. Daim işgəncə altında oldum. Ağzımı və qollarımı bağlayıb, hovuzun içinə atırdılar, boğurdular. Son anda sudan çıxarırdılar, bir qədər nəfəs alırdım, sonra yenidən eyni üsulla boğurdular. Mərkəzin əməkdaşları yerə uzadıb, ayaqlarımı arxadan belimə bağlayırdılar. Taxta ilə başıma və üz nahiyəmə zərbələr endirirdilər. Saatlarla qaranlıq tualetdə saxlayırdılar”.