Azərbaycanda tələbələri bu cür tələyə salıb, pullarını ələ keçirmək istəyirlər

 Azərbaycanda tələbələri bu cür tələyə salıb, pullarını ələ keçirmək istəyirlər

Son zamanlar dələduzlar sosial şəbəkələrdə tələbələri hədəf alıb. Beləki, dələduzlar sosial şəbəkələrdə elan yerləşdirərək tələbələrə kəsirlərinin silinəcəyi vədi verir və bunun üçün onlardan şəxsiyyət vəsiqələri və universitetlərdəki şəxsi kabinetlərinin kodu istənilir. Qarşılığında isə 35 manat ödəniş tələb edilir. Həmin elanlara yazılan şərhlərdən belə qənaətə gəlmək olar ki, dələduzlara aldananların sayı çoxdur.

Məsələ il bağlı Asayis.Az-a açıqlama verən İKT üzrə ekspert Elvin Abbasov bildirib ki, dələduzların əsas məqsədi tələbəni tələyə salaraq onun maliyyə məlumatlarını ələ keçirmək və pullarını tamamilə mənimsəməkdi.



Elvin Abbasovun sözlərinə görə, dövlət qurumlarının portallarında kibertəhlükəsizliyi pozaraq bu tip əməliyyatlar həyata keçirilsə, bu asanlıqla və tez bir zamanda aşkar edilir:

“Bu hadisə keçən il də baş vermişdi. Kiber hücum vektoru bir neçə dəfə olub və bu daha öncəki təcrübələrdə də var, hansı ki, tələbələr hədəf alınıb. Bu tip reklamları əvvəlki illərdə daha çox facebookda görürdük. Amma indi bu tip reklam və fəaliyyətlər telegrama keçib. Telegramda daha çox görülür və müşahidə olunur. Təbii ki, burda məqsəd tələbəni tələyə düşürməkdi. Vətəndaşlar bu tip şayiələrə inanmamalıdırlar. 

Düzdür, indiyə qədər belə bir hal baş verməyib. Amma tutaq ki, dövlət qurumlarının portallarında kibertəhlükəsizliyi pozaraq hər hansı bir əməliyyat aparılsa, bu bir çox qurum tərəfindən asanlıqla aşkarlanır. Məsələn, belə bir hal baş verdi, tələbənin balları və ya qiymətləri üzərində hansı bir əməliyyat aparıldı. Fayl loqlar var. Biz ona əməliyyat tarixçəsi deyirik. Ora səlahiyyəti olmayan şəxs giriş etsə, ya da səbəbsiz bir şəkildə gecənin bir yarısı, həmçinin, gündüz tələbənin faktiki balı üzərində hər hansı əməliyyat aparılsa bu tez bir zamanda aşkarlanır. Çünki bir neçə dövlət qurumunun buna nəzarəti var. Tələbələr üçün olan imtahan proseslərinə və s. aidiyyatı qurumlar əsaslı şəkildə müşahidələr aparır. Bunlar başlı başına və ya sadəcə həmin qurumun öz öhdəliyində deyil. Ətraf güc orqanlarının da buna nəzarəti var. 

Ona görə də mən deyərdim ki, bu məsələ o qədər də asan deyil, vətəndaşlar buna aldanmasınlar. Tələbələr öz real balları nədirsə, onunla qane olmalıdır. Ballarının üzərində oynamağa cəhd etməsinlər çünki bu zaman həm özləri məsuliyyətə cəlb oluna, həm dələduzlara pullarını verərək aldana, həm də bank məlumatlarını ötürə bilərlər. Tövsiyyə edirik ki, bu tip məqamlardan çəkinsinlər”. 
 

14:38 - 4 İyul 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin