Milli Məclisdə “Tütün və tütün məmulatı haqqında” və “Qida təhlükəsizliyi haqqında” qanunlar müzakirə edilib. Deputat Sabir Rüstəmxanlı sözügedən qanunlara təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib ki, ölkədə istehsal olunan spirtli içkilərin keyfiyyəti aşağıdır. O qeyd edib ki, indi də Azərbaycanın yaxşı şərabları var, amma idxal yoxdur: “Deməli, ya bunun keyfiyyəti aşağıdır, ya da iş düzgün qurulmayıb. Rayonlara gedəndə marketlərə baxırsan, araqlar qoyublar, amma qiyməti 3-4 manat. Baxanda bilinir ki, saxtadır. Bəs, buna lisenziyanı kim verib? Mənim cavan dostum saxta araqdan rəhmətə getdi”.
Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Demokrat.az-a açıqlamasında bildirib ki, 2018-ci ildən lisenziya tələbi ləğv olunub:
“O vaxta kimi Azərbaycanda 19 zavod araq istehsal edirdi. Hazırda isə 96 zavod araq istehsal edir. Bunlardan bəzilərinə zavod belə demək olmaz. Lisenziya tələb olunmur, hökumətin yaratdığı azad bazar iqtisadiyyatı şəraitindən sui-istifadə olunur. Təhlükəli spirtli içkilər, araqlar istehsal olunur. Bu sahədə bazar həddinin artıq çirklənib. Vaxtı keçmiş spirtli içkilər əhaliyə satılır. Bazar xaos içindədir"