Ramazan ayında qızıl bazarında vəziyyət necədir?

 Ramazan ayında qızıl bazarında vəziyyət necədir?

Ramazan ayında toy məclisləri keçirilmədiyindən zərgərlik bazarında alıcılıq aşağı düşür.

Bunu ”Trend”ə açıqlamasında Azərbaycan Zərgərlər Assosiasiyasının sədri Toğrul Abbasquliyev bildirib.

Onun sözlərinə görə, aparılan müşahidələrə əsasən, alıcılıq qabiliyyəti 50% aşağı düşüb.

“Qızıl bazarında 8 Mart və Novruz bayramından əvvəl aktivlik var idi. Lakin ümumi götürdükdə bazarda alıcılıq zəif olub. Çünki bu ayın bayram günlərində insanlar istirahət etməyə daha çox üstünlük verirlər.

Lakin son üç ildə ölkəmizdə zinət bazarı böyük inkişaf dinamikası keçib. 2020-ci ildə zərgərlik bazarının dövriyyəsi 32 milyon manat idisə, 2023-cü ildə bu rəqəm 230 milyon manatı keçdi. Ancaq son altı ayda bazarda ciddi zəifləmə müşahidə olunur. Bunun əsas səbəbi xam qızılın qiymətində ciddi artımın olmasıdır. Bu da məmulatların qiymətinə təsir edir və alıcılıq qabiliyyəti aşağı düşür”.

T.Abbasquliyev qeyd edib ki, zərgərlik bazarında qiymətlərin bahalaşıb-ucuzlaşması bayramla bağlı deyil.

“Ümumi götürdükdə zərgərlik bazarı qiymətli metalların və daşların birja qiyməti ilə tənzimlənir. Son beş il ərzində zərgərlik bazarında mart ayının əvvəlində bahalaşma olur. Bu da dünyada 8 Mart bayramı münasibətilə zərgərlik məmulatlarının satışının artması ilə bağlıdır. Dünyada hasil olunan qızılın 52%-i zərgərlik məmulatlarının istehsalına yönəldilir”, - deyə o yekunlaşdırıb.

13:30 - 1 Aprel 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin