Fevral ayında fərdi həyət evlərinə tələb artıb. İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) verilən məlumata görə fərdi evlərin və torpaq sahələrinin qiymətində əvvəlki aya nisbətən 1,8 faiz artım qeydə alınıb. Yaşayış binalarına və qeyri-yaşayış sahələrinə tələb isə stabildir. Kirayə bazarında da qiymətlər dəyişməyib.
Əmlak məsələləri eksperti Elnur Fərzəliyevin sözlərinə görə, həyət evlərinə və torpaq sahələrinə tələbat, əsasən, aprel ayından başlayır və avqustun sonuna qədər davam edir.
O, açıqlamasında deyib ki, əvvəlki illərdə bütün torpaq sahələrinə tələbat var idi, amma hazırda vəziyyət fərqlidir:
“Ötən il verilən qərara əsasən çıxarışı olmayan torpaqlara kommunikasiya xətləri çəkilməyəcək. Ona görə də hazırda tələbat daha çox çıxarışı olan torpaqlaradır. Bunların da sayı az, qiyməti isə çox bahadır. Keçən ildən qiymət artımı müşahidə edilməkdədir. Avqust ayının sonuna qədər təxminən 20 faizə qədər qiymət artımı olacaq. Sentyabrdan növbəti ilin martına qədər təxminən 5-10 faiz ucuzlaşma olacaq. Çünki soyuq aylarda həyət evi, torpaq sahəsi almırlar. Tikinti işləri də daha çox yayda aparılır, ona görə isti aylarda tələbat daha çox olur. Ümumiləşdirsək, deyə bilərik ki, həyət evlərinin və torpaq sahələrinin qiymətində illik artım təxminən 10 faiz olur. Bu təkcə Bakı üçün keçərli deyil. Həyət evi alanlar ya bağ evi məqsədilə alır, ya da daimi yaşamaq üçün. Bağ evi üçün Bakıda demək olar ki, artıq torpaq qalmayıb. Ona görə də ölkənin turistik zonalarında bağ evi məqsədilə torpaq sahəsi, həyət evi alırlar. Quba, Xaçmaz, Qusar, Qəbələ, Şamaxı, İsmayıllı kimi paytaxtdan çox da uzaqda yerləşməyən rayonlarda fərdi evlər alırlar. Yayda istirahət edir, ilin digər vaxtlarında isə günlük kirayəyə verirlər”.
Demokrat.az