Sumqayıt şəhərində 1981-ci il təvəllüdlü İslam ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Yetərə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Asayis.Az-ın məlumatına görə, hadisəni törədən İslamın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İslam ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, Yetər ilə 2009-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurublar:
“Birgə nikahdan 3 övladımız var. Ailə həyatı qurduqdan sonra evdə yaşayırıq. Həyat yoldaşımın adına birgə istifadə üçün kredit götürdük. İşsiz olduğu üçün həmin kreditləri vaxtında ödəyə bilməmişik. Buna görə bir neçə bankdan səlahiyyətli şəxslər mənimlə əlaqə saxlayıb kreditin ödənməsini tələb etdilər.
Arvadım məndən bu məsələ ilə bağlı boşanmaq istədini bildirdi. Bir neçə müddətdir bu məsələ ilə bağlı aramızda mübahisə var. Mən faktiki olaraq onunla birgə yaşamıram, yaşadığım binanın qonşuluğundakı mənzilində yaşayıram. Məndən boşanmaq istədiyini bildirsə də, mən ona bir neçə dəfə ondan boşanmaq istəmədiyimi demişəm”.
Təqsirləndirilən şəxs deyib ki, sonuncu dəfə yaşadıqları mənzildə ailə-məişət münaqişəsi zəminində mübahisələri yaranıb:
“Əsəbləşərək arvadımın saçından tutub yoldum, şillə ilə üzünə vurdum. Daha sonra əli ilə başına zərbələr vurdumş. Əsəbim soyumadı deyə yerə yıxıb belinə təpik zərbələri vurdum. Sonradan ayağa qalxdıqda qolundan tutub burdum. Daha sonra qışqıraraq qaçdı”.
İş üzrə zərərçəkmiş Yetərin sözlərinə görə, həyat yoldaşı İslam qumar oyunları oynamağa meyillidir:
“Mənim adıma indiyə kimi bir neçə kredit götürüb. Həmin kreditlər ilə bağlı müxtəlif şəxslər mənimlə əlaqə saxlayıb narahat edirdilər. Hər dəfə ona bu barədə bildirdikdə müxtəlif bəhanələr ilə yayınıb və bu istiqamətdə aramızda yaranan mübahisələrdən dolayı faktiki olaraq eyni yataqxanada ayrı yaşamışıq. Hadisə günü yaşadığım mənzildə İslam mənə haqqında hər yerdə nalayiq ifadə işlətdiyimi, bunun səbəbini soruşdu. Bu sözdən hiddətlənərək üzümə şillə ilə vurdu.
Daha sonra qolumu burdu, saçımdan tutub yoldum və yerə sərdim. Yerə yıxıldım. İslam yerdə təpiklə bel nahiyəmə bir neçə zərbələr endirdi. Əsəbi soyumadı və yenidən güclə ayağa qalxdıqda qolumdan tutub burdu. Mən dizi üstə ondan məni buraxması üçün yalvardım. Övladlarımın qorxmasından narahat olduğumu dedim. Ondan imdad dilədim. Lakin buraxmaq istəmiyib baş nahiyəmə bir neçə zərbə vurdu”.
Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən onun barəsində olan cinayət təqibinə xitam verilib.
O, cinayət məsuliyyətindən azad edilib.
Demokrat.az