Bayram tətilinə sayılı günlər qalıb. İnsanlar istirahət etmək üçün bölgələrə üz tuturlar. Bölgələrdə istirahət isə baha başa gəlir. Turizmi ilə seçilən yerlərdə yüksək keyfiyyətdə xidmət göstərən məkanların sayı azdır. Bəzən insanlar xərclədiyi məbləğin qarşılığında istədiyi xidməti görə bilmir, bu da əlavə narazılığa səbəb olur.
İqtisadçı ekspert Natiq Cəfərli Demokrat.az-a açıqlamasında deyib ki, ölkədə turizm sektorunda qiymətlərin baha olmasının birinci səbəbi quru sərhədlərin bağlı olmasıdır:
“Əminəm ki, sərhədlər açıq olsaydı, minlərlə insan Gürcüstana, Türkiyəyə getmək fikrində olardı. Quru sərhədlərin bağlı olması daxili turizmə marağı artırıb, amma ölkə üzrə turizm obyektlərinin sayı yetərli deyil. Nəticə etibarilə tələb çoxalır, amma təklif az olduğu üçün qiymətlər dərhal artır. Burada qanunvericliklə bağlı tənzimləmə mexanizmi də yoxdur ki, qiymətlərin aşağı və yuxarı həddini müəyyən etmək mümkün olsun. Dövlət tərəfindən müdaxilə edilməsi heç doğru olmazdı, çünki bazar iqtisadiyyatının qanunu budur”.
Ekspert qeyd edib ki, indiki halda regionlardakı qiymətlər əhalinin əksəriyyətinin cibinə uyğun deyil:
“Çünki uzun illər ərzində regionlarda 4-5 ulduzlu bahalı otellər tikilib istifadəyə verildi. Təbii ki, istirahət etmək üçün hər cibə uyğun imkanlar tapmaq olar. Belə ki rayonlarda şəxsi mənzillərini günlük kirayəyə verən şəxslər var. Rayonlarda daha ucuz otellər də tapmaq olur, amma onlarda xidmət keyfiyyəti ürəkaçan deyil”.
İqtisadçının sözlərinə görə daxili turizmlə bağlı ciddi problemlər qalmaqdadır:
“Obyekt sayı çox azdır, əksəriyyəti bahalı otellərdir. İstirahət etmək istəyən insanlar isə yüz minlərlədir. Ölkə üzrə ən çox yataq yeri Bakıdadır, onun da cəmi sayı 10 mindən bir qədər artıqdır. Regionlarda say bundan da azdır. Tələb çox, təklif az olduğu, üstəlik quru sərhədlər də bağlı olduğu üçün qiymətlər artır”.