“Gördüm ki, “GetContact”a bacımın nömrəsini yazıb” - Dostlar arasında qanlı dava

 “Gördüm ki, “GetContact”a bacımın nömrəsini yazıb” - Dostlar arasında qanlı dava

Bakının Xətai rayonunda 1994-cü il təvəllüdlü Müşfiq dostu Abdullaya (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Asayis.Az-ın məlumatına görə, hadisə ötən ilin avqustun 15-də baş verib. Müşfiq həmin gün, gecə saat 1 radələrində sərxoş vəziyyətdə Xətai rayonu, M.Hadi küçəsi 25 unvanın  qarşısında tanışı Abdullaua məxsus mobil telefonun kontaktında təsadüfən evli olan bacısı Gültəkinin mobil telefon nömrəsini görüb. O, buna qısqanclıqla yanaşaraq həmin səbəbdən aralarında yaranmış mübahisə zamanı Abdullanın burun nahiyəsindən yumruqla bir dəfə vuraraq ona xəsarətlər yetirib. 

Hadisəni törədən Müşfiqin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Müşfiq ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2023-cu ilin avqust ayının əvvəllərində səhər saatlarında Abdulla onun yaşadığı evə qonaq gəlib: “Birlikdə yeyib içdikdən sonra aramızda heç bir mübahisə və ya münaqişə olmadan ayrıldıq. Avqustun 14-də, səhər saatlarında Abdulla təkrarən yaşadığım evə qonaq gəldi. Birlikdə yeyib içdikdən sonra Abdulla bir neçə saat yatdı. Təxminən 1-2 saat sonra Abdulla yuxudan oyandı. Biz birlikdə metronun “Əhmədli” stansiyasının yanından dönər alaraq, Xətai rayonu. N.Tusi küçəsində yerləşən adını xatırlamadığım kafeyə getdik. Həmin kafedə bir qədər pivə içdikdən sonra birgə Əhmədli qəsəbəsinə geri qayıtdıq. Metronun “Əhmədli” stansiyasının yaxınlığında hər zaman olduğu kimi Abdulla ilə əl-qol zarafatı etdik. Abdulla məni zarafat adı ilə yumruqladıqda, ona irad bildirdim. Zarafatı ciddiyə çevirməməsini söylədim”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra onlar piyada yeriyərək Əhmədli qəsəbəsi ərazisinə gəliblər: “Orada Abdulladan mobil telefonunda mahnı səsləndirməsini xahiş etdim. Abdulla mobil telefonunu mənə verdi. Abdullanın telefonunda mahnı qovluğunu axtararkən təsadüfən "Getcontact" adlı mobil əlavəyə daxil oldum. Həmin proqram açılanda bacım Gültəkinin istifadəsində olan mobil nömrəni gördüm. Bu zaman Abdulladan bacıma aid mobil nömrənin onun telefonunda haradan olduğunu, nə səbəblə qeyd olunduğunu soruşdum. Həmin vaxt Abdulla mənə cavab verməyə çətinlik çəkdiyi üçün əsəbiləşdim. Mobil telefonun enerjisi bitdiyindən təkrar proqrama daxil ola bilmədim. Bundan sonra Abdullaya telefonu özüm ilə yaşadığım evə aparacağımı, mobil telefona baxış keçirəcəyimi və bacıma aid mobil nömrənin orada olub-olmamasını dəqiqləşdirəcəyimi, daha sonra isə telefonu qaytaracağımı bildirdim. Abdulla mənimlə razılaşdı və bundan sonra oradan getdi. Yaşadığım evə çatdıqdan sonra Abdullanın telefonunu işıq enerjisinə qoşaraq yandırdım. İçinə baxış keçirən zaman telefonun kontaktında bacıma aid mobil nömrənin “Gülü sx” adı ilə qeyd olunduğunu aşkarladım”. 

Müşfiqin ifadəsinə görə, avqustun 15-də, gecə saat 01.00-da Abdulla ilə Xətai rayonu, M.Hadi küçəsi 25 unvanının qarşısında görüşüb: “Abdullanın mobil telefonunu göstərərək bacım Gültəkinin mobil nömrəsini nə səbəblə kontaktına qeyd etdiyini soruşdum. Abdulla isə cavab olaraq bacıma zəng edib və ya yazmadığını bildirdi. Mobil telefonu Abdullaya qaytararkən sağ əlim ilə onun burun nahiyəsindən 1 dəfə yumruq zərbəsi vurdum. Abdulla zərbədən yerə yıxıldı. Həmin vaxt polis əməkdaşları bizə yaxınlaşdı. Bizi Xətai Rayon Polis İdarəsinin 34-cu Polis Şöbəsinə dəvət etdilər. Abdulla məndən barışmaq üçün 3000 manat tələb edir. Lakin mənim 1000 manat ödəniş etməyə gücüm çatır. Bu səbəbdən Abdulla mənimlə barışmır”.
İş üzrə zərərçəkmiş Abdullanın sözlərinə görə, Müşfiqi bir ildir tanıyır, onunla yaxın dostluq münasibətləri olun, birgə işləyiblər və münasibətləri yaxşı olub: “2023-cü ilin avqustun əvvəllərində səhər saatlarında Müşfiqin dəvəti ilə onlara qonaq getdim. Müşfiq orada kabab hazırladı və spirtli içki qəbul edərək yeyib-içdik. Həmin günü Müşfiq məndən danışmaq üçün mobil telefonumu istədi. Mən də ona telefonu verdim. Müşfiq kimləsə danışıb bir neçə sonra telefonu qaytardı. Həmin gün aramızda heç bir mübahisə və ya münaqişə olmadan öz yaşadığım evə qayıtdım”.

Zərərçəkmiş qeyd edib ki, avqustun 14-də, səhər saatlarında Müşfiqin dəvəti ilə ailəsi ilə yaşadığı evə gedib: “Birlikdə yeyib-içdikdən sonra evin yataq otağında bir neçə saat yatdım. Yuxudan oyananda Müşfiq mənə məxsus mobil telefonuna baxdığını gördum. Dərhal Müşfiqdən telefonumu aldım və nə səbəblə telefonuma baxdığını soruşdum. Müşfiq isə telefonda mahnıya qulaq asdığını dedi və söhbət bağlandı. Bir qədər sonra Müşfiqlə birgə Xətai rayonu, Gəncə prospektində yerləşən adını xatırlamadığım kafeyə getdik. Orada bir qədər pivə içdikdən sonra Əhmədli qəsəbəsinə geri qayıtdıq.  Metronun “Əhmədli” stansiyasının yaxınlığında Müşfiq  zarafatlaşaraq mənə sol və sağ qol nahiyələrimdən yumruqla vurdu. Mən də zarafatlaşmaq niyyəti ilə onun qoluna 2 dəfə olmaqla yumruq zərbəsi vurdum. Bu zaman müşfiq məni vura bilməyəcəyini dedi, üzərimə gələndə öz yaşadığım ev istiqamətində qaçmağa başladım. Müşfiqin arxamca gəldiyini gördüm və evin yaxınlığında dayandım. Həmin vaxt Müşfiq mənə yaxınlaşaraq şillə ilə üzümdən vurdu, telefonumda kiminsə nömrəsinə baxdığını bildirdi. Telefonumu cibindən çıxararkən Müşfiq əlimdən aldı və aparıb telefonuna baxış keçirəcəyini, mobil telefonda ailəsinə dair hər hansı mobil nömrə olduğu halda sözlə məni öldürəcəyi ilə hədələdi.  Müşfiqdən telefonumu istədikdə, telefona baxdıqdan sonra səhəri gün gətirib özümə qaytaracağını bildirdi. Sonra oradan getdi”. 

Zərərçəkmiş qeyd edib ki, avqustun 15-də, gecə saat 1 radələrində Müşfiqlə Xətai rayonu, M.Hadi küçəsi 25 ünvanının qarşısında görüşüb: “Mobil telefonumu qaytararkən qəfildən 1 dəfə yumruq zərbəsiylə burun nahiyəmdən vuraraq oradan uzaqlaşdı. Həmin vaxt burnumdan qan açıldı. Formada olan polis əməkdaşları mənə yaxınlaşdılar. Polislərə vəziyyəti izah etdikdən sonra Müşfiqlə məni polis şöbəsinə dəvət etdilər. Bundan sonra 34-cu Polis Şöbəsinə getdik. Orada şikayət ərizəsi və izahatımı yazdıqdan sonra tibbi ekspertizadan keçməyim üçün təliqə təqdim edildi. Mənə təqdim edilmiş təliqə ilə tibbi ekspertizadan keçdim. Xəsarət nəticəsində burnuma vurulmuş zərbə ilə əlaqədar olaraq əməliyyat xərclərim 3000 manat edir. Qeyd edilən məbləğ mənə təqsirləndirilən şəxs tərəfindən ödənilməyib”.

Bu cinayət işinə Xətai Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Müşfiq 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Təqsirləndirilən şəxsə yaşadığı ünvanı axşam saat 23.00-dan səhər saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi tapşırılıb. 
Demokrat.az

14:00 - 19 Mart 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin